Genişlənən xalq hərəkatı Məhəmməd Rza şah Pəhləvini ölkəni tərk etməyə məcbur etdi. Bununla da, 1925-ci ildə taxt-taca gələn Pəhləvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan olundu. İnqilabın başlıca hərəkətverici qüvvəsi olan azərbaycanlıların istəkləri yerinə yetirilmədi. Onlara ana dillərində təhsil almaq və məktəb açmaq hüququ verilmədi.
Nə üçün İran İslam Respublikası azərbaycanlıların istəklərini yerinə yetirmədi?
İnqilabdan sonrakı dövrdə İran uzun müddət özünü dünya ölkələrindən təcrid etdi. Xarici siyasət sahəsində İran islam ölkələri ilə əməkdaşlığa üstünlük verirdi. Lakin bu qonşu dövlət Azərbaycanın ərazi bütövlüyünü müdafiə etsə də, işğalçı Ermənistanla sıx siyasi-iqtisadi və diplomatik əlaqələr saxlayır, Xəzər dənizinin sektorlara bölünməsində özünə 20 % pay tələb edirdi. Son illərdə Xəzəryanı dövlətlərin Xəzər dənizinin təkinin bölüşdürülməsi barədə apardığı danışıqlar bu məsələnin öz həllini tapmasına imkan yaratdı.
Ərəb ölkələri. BMT 1947-ci ilin noyabrında Fələstinin bölünməsi və ərazisində iki dövlətin: yəhudi və ərəb dövlətlərinin yaradılması haqqında qətnamə qəbul etdi. Qərb dövlətlərinin dəstəyi sayəsində 1948-ci ilin mayında yəhudilər üçün ayrılmış Fələstin ərazisində müstəqil İsrail dövlətinin yarandığı elan edildi. Buna cavab olaraq, Fələstində ərəb ölkələrinin yardımı ilə İsrailə qarşı müharibə başladı və elə ərəb ölkələrinin məğlubiyyəti ilə də qurtardı. İsrail Fələstin ərəb dövləti üçün ayrılmış ərazinin bir hissəsini işğal etdi. Həmin vaxtdan indiyədək həll olunmamış ərəb–İsrail münaqişəsinin əsası qoyuldu.
Ərəb–İsrail münaqişəsinin həll olunmamasının səbəbi nədir?
1964-cü ildə, Yasir Ərəfat başda olmaqla, Fələstin Azadlıq Təşkilatı yaradıldı. İsrailə qarşı partizan müharibəsi başladı. 1967-ci ilin iyununda İsrail ordusu Misir, İordaniya və Suriyaya hücum etdi. Altıgünlük müharibədə ərəb dövlətləri məğlub oldu. İsrail Qəzza bölgəsini, Sinay yarımadasını, İordan çayının qərb sahilini, Qüdsün ərəb hissəsini, Suriyanın Colan təpəliklərini işğal etdi. İsrailin işğalçılıq siyasəti 1973-cü ildə yeni ərəb–İsrail müharibəsinin başlanmasına səbəb oldu. Bu müharibədə İsrail ilk dəfə məğlub edildi. Cenevrədə sülh konfransı çağırıldı.