22. İran və Ərəb ölkələri
Müharibədən sonra İranda ingilislərin inhisarında olan neft sənayesinin milliləşdirilməsi uğrunda hərəkat başladı. Misir isə İkinci Dünya müharibəsindən sonrakı illərdə də, faktiki olaraq, Böyük Britaniyadan asılı vəziyyətdə qalmaqda idi. Misir xalqı ingilis müstəmləkə əsarətinə qarşı qətiyyətlə mübarizə aparırdı. Ərəb dünyasında isə İsrail–Fələstin, İsrail–ərəb münaqişəsi alovlandı. Müharibədən sonrakı dövrdə İran və ərəb ölkələrinin həyatında bir çox dəyişikliklər baş verdi və onların tarixinə yeni hadisələr yazıldı.
İran. İranda hərəkata Milli Cəbhənin rəhbəri Məhəmməd Müsəddiq başçılıq edirdi. Bu hərəkatın təzyiqi altında 1951-ci ilin martında neft sənayesinin milliləşdirilməsi haqqında qərar qəbul edildi. Az sonra M.Müsəddiq Baş Nazir təyin olundu. Ölkədən qaçmış Məhəmməd Rza şah Pəhləvi İrana qayıdaraq hakimiyyətdə möhkəmləndi. Bir müddət sonra M.Müsəddiq hakimiyyətdən uzaqlaşdırıldı və dövlətə xəyanətdə günahlandırılaraq üç il həbs olundu. Ölümünə qədər (1967) Tehran yaxınlığındakı Əhmədabadda ev dustağı kimi yaşadı.
Cənubi İran neftinin beynəlxalq neft konsorsiumuna* icarəyə verilməsi ilə İranda ingilislərin neft inhisarına son qoyuldu. Ölkədə xalqın narazılığı şahı islahatlar həyata keçirməyə vadar etdi. İranı inkişaf etmiş sənaye ölkəsinə çevirmək məqsədilə şah “ağ inqilab”** adlandırılan islahatlar proqramını həyata keçirdi. Maarif və səhiyyə inkişaf etdirildi. Aqrar islahat nəticəsində dövlətdən və iri torpaq sahiblərindən torpaq sahəsi satın alan kəndlilər fermerə çevrildilər. Qadınlara müəyyən şərtlərlə seçki hüququ verildi.
İrandakı “ağ inqilab” adlandırılan islahatlar proqramı hansı sahələri əhatə etdi?
XX əsrin 70-ci illərində İran iqtisadiyyatın inkişaf sürətinə görə Asiyada Yaponiyadan sonra ikinci yerə çıxdı. Lakin islahatların ardıcıl olmaması sosial-iqtisadi və siyasi vəziyyəti kəskinləşdirdi. 1978-ci ilin yanvarında Qum şəhərində nümayişçilərə qarşı silah işlədilməsi İranda inqilabın başlanması üçün işarə oldu. İnqilaba rəhbərlik, Ayətullah Xomeyni başda olmaqla, ruhanilərin əlinə keçdi.
* Konsorsium – (latınca “ortaq”) kommersiya iştirakçılarının təşkilati-hüquqi forması. Müxtəlif müstəqil şirkətlər tərəfindən hər hansı iri layihənin icrası məqsədilə yaradılır.
**“Ağ inqilab” – yəni qan tökülmədən həyata keçirilən inqilab