1979-cu il seçkilərində Süleyman Dəmirəlin başçılıq etdiyi Ədalət Partiyası qalib gəldi, onun hökuməti terrorizmə və anarxiyaya qarşı mübarizəyə başladı. Lakin ölkədə tətil və nümayişlər oldu.
1980-ci ildə general Kənan Evren hərbi çevriliş etdi, ölkədə siyasi sabitlik yaratdı. 1983-cü ildə parlament seçkilərində Turqut Özalın başçılıq etdiyi Ana Vətən Partiyası qalib gəldi. T.Özal ölkəni iqtisadi böhrandan çıxarmaq proqramı irəli sürdü. Bu proqram inflyasiyanı cilovlamaq, orta təbəqənin milli gəlirdən aldığı payı artırmaq, əhalinin əlavə gəlirini çoxaltmaq tədbirlərini nəzərdə tuturdu. Nəticədə, Türkiyə iqtisadiyyatı yüksək sürətlə inkişaf etməyə başladı. T.Özal “Türkiyə iqtisadi möcüzəsinin atası” adını aldı.
Türkiyə iqtisadiyyatına təsir edən amilləri müəyyənləşdirib təhlil edin.
2002-ci ildə seçkilərdə Ədalət və İnkişaf Partiyası qalib gəldi və onun lideri Rəcəb Tayyib Ərdoğan 2003-cü ilin martında Baş Nazir seçildi. Bu dövrdə Türkiyə Respublikası beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirdi. İqtisadi sahədə əldə olunan uğurlar Türkiyənin ən çox inkişaf etmiş 20 böyük dövlətin sırasına daxil olmasını təmin etdi. R.T.Ərdoğanın daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlər 2014-cü ildə onun prezident seçilməsinə səbəb oldu.