1945-ci ildə Böyük Millət Məclisi “Torpaq islahatı haqqında” Qanunu təsdiq etdi: dövlətə, yerli orqanlara məxsus becərilməyən torpaqlar və 500 hektardan artıq olan şəxsi torpaqlar kəndlilərə verilməli idi. Torpaq islahatı 1947-ci ildən həyata keçirildi. Şəxsi torpaqlara toxunulmadı.
Hökumətin qapalı iqtisadi siyasətdən imtina edib qapıları xarici kapitala açması azad bazar iqtisadiyyatının inkişafına təkan verdi. Türkiyə 1952-ci ildə NATO-ya qoşuldu.
NATO ilə Varşava Müqavilə Təşkilatının oxşar və fərqli cəhətlərini araşdırın. Onları birləşdirən cəhətləri təhlil edin.
1960-cı ildə tələbələr İstanbulda demokratiyanın məhdudlaşdırılmasına qarşı etiraz mitinqi təşkil etdilər. Polis mitinq iştirakçılarına atəş açdı. Ordu isə hərbi çevriliş etdi və hakimiyyəti ələ keçirdi. Millət Məclisi buraxıldı, 1924-cü il konstitusiyası və siyasi partiyalar ləğv edildikdən sonra gərginlik zəiflədi. 1973-cü ildə aqrar islahat keçirildi, mülkədar torpaqlarının bir hissəsi alınıb əvəzi ödənilməklə kəndlilərə satıldı.
Yunanıstan 1974-cü ildə Kipri özünə birləşdirməyə başladı. Enozis* adlanan bu addım Kipr türklərinin kütləvi qırğını ilə müşayiət olunurdu. Qırğını dayandırmaq üçün Türkiyə Kiprin şimalına qoşun çıxardı. 1983-cü ildə Şimali Kipr Türk Respublikası yaradıldı. Kipr məsələsi Türkiyənin beynəlxalq vəziyyətini ağırlaşdırdı.
* Enozis (yunanca birlik deməkdir) – Yunanıstanın sərhədlərindən kənarda qalmış yunanlar yaşayan torpaqların Yunanıstana birləşdirilməsini nəzərdə tutan ideologiya