Federal hakimiyyət bu müqavilə ilə dövlətin bütövlüyünü saxlanmasına, Tatarıstan isə xüsusi statusunun möhkəmlənməsinə nail oldu.
Tatarıstanın tamamilə müstəqil respublika ola bilməməsinin
səbəblərini göstərin.
Sizcə, Tatarıstana verilmiş xüsusi statusun tatar xalqı üçün əhəmiyyəti nə oldu?
Başqırd xalqı 1990-cı illərdə mərkəzdən asılılığın azaldılmasına, respublikanın sərvətlərindən daha çox hissənin yerli ehtiyaclara yönəldilməsinə nail oldu. Başqırdıstan Rusiya ilə dövlət idarələrinin səlahiyyətlərinin bölüşdürülməsi haqqında müqavilə bağladı.
Krım türkləri. Müharibədən sonrakı dövrdə Krım türkləri öz tarixi vətənlərinə dönmək uğrunda ardıcıl mübarizə aparmışlar. Lakin sovet rəhbərliyi Krıma yerləşdirdiyi rus, erməni və digər xristian xalqların mənafeyini əsas götürərək onların kütləvi şəkildə öz yurdlarına dönməsinə imkan vermədi. Sovet İttifaqının dağılmasından sonra Rusiya Krımda öz mövqeyini möhkəmləndirmək, çox böyük hərbi dəniz bazasının yerləşdiyi Sevastopolu əldə saxlamaq uğrunda Ukrayna ilə mübarizəyə başladı. 2014-cü ilin fevral-mart aylarında Rusiya Krımı özünə birləşdirdi. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirildi. Dünya dövlətləri Krımı məhz Ukrayna ərazisi kimi tanıdığı üçün Avropa İttifaqı ölkələri və ABŞ Rusiyaya qarşı sanksiyalar qəbul etdi və bu sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərdi.
Rusiyanın Krıma olan iddiası nə ilə bağlı idi? Rusiya üçün Krımda möhkəmlənməyin əhəmiyyətini izah edin.
Türkiyə. Müharibə illərində Türkiyə diplomatiyasının ən böyük uğuru bitərəflik siyasəti yeritməsi və nəticədə Türkiyə ərazisinin hərbi əməliyyatlardan kənarda qalması, ərazi bütövlüyünün təmin edilməsi oldu. İkinci Dünya müharibəsindən sonra Türkiyənin xarici siyasətində ABŞ-la yaxınlaşma gücləndi. 1947-ci ilin iyulunda Ankarada ABŞ-la “Trumen doktrinası” əsasında Türkiyəyə yardım göstərilməsi haqqında müqavilə bağlandı. Ardınca ABŞ “Marşal planı” çərçivəsində də Türkiyəyə yardım göstərməyə başladı. Ölkəyə ABŞ kapitalının axını gücləndi. Müharibədən sonrakı dövrdə ən vacib problem iqtisadiyyatın sağlamlaşdırılması idi. Hökumət əmək münasibətlərini nizamlamaq üçün Əmək Nazirliyi yaratdı.