XXI əsrin başlanğıcında Mixeil Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra cəmiyyət demokratikləşdi. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq inkişaf etdi. Qərblə diplomatik əlaqələrdə uğurlar qazanıldı. Bundan narahat olan Rusiya 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilə etdi. Yalnız ABŞ və Avropa Birliyi ölkələrinin qəti etirazından sonra Rusiya təcavüzü dayandırmağa məcbur oldu. 2013-cü ildə hakimiyyətə gələn “Gürcü arzusu” bloku Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizəni davam etdirir.
Nə üçün Rusiya Gürcüstanın uğurlarından narahat olurdu?
Şimali Qafqazda 1990-cı illərin başlanğıcında milli qüvvələr fəallaşmağa başladı. Rusiya Federasiyası bu regiondakı muxtar respublika və vilayətlərin səlahiyyətini qismən artırsa da, əsas hakimiyyəti öz əlində saxladı. Bu, Çeçenistanda milli azadlıq mübarizəsinin güclənməsinə təkan verdi. 1991-ci ildə Çeçenistan Respublikası müstəqilliyini elan etdi. Prezident Cövhər Dudayev bütün xalqı Rusiyaya qarşı səfərbər etməyə cəhd göstərdi. 1996-cı ildə müharibənin dayandırılması haqqında razılaşma imzalandı. Lakin Rusiya 1999-cu ildə böyük hərbi qüvvə ilə Çeçenistana yeni hücuma başladı. Müharibə Çeçen İckeriya Respublikasının öz müstəqilliyini itirməsi və Rusiyanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatdı.
XXI əsrin başlanğıcında Şimali Qafqazda öz mövqeyini möhkəmləndirməyə nail olan Rusiya Cənubi Qafqaz respublikalarını öz təsiri altında saxlamaq üçün bütün qüvvələrini səfərbər etmişdi. Xüsusən Ermənistana böyük miqdarda ən yeni hərbi texnika və silahlar vermiş, bu respublikada hərbi bazalarının sayını artırmışdı.