Ulu öndər Heydər Əliyevin səriştəsi nəticəsində bu işğallar dayandırıldı, atəşkəs elan edildi. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti dünyaya çatdırıldı.
Atəşkəs dövründə Azərbaycan ordusunun gücünü artırmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yüzlərlə adda silah-sursat və hərbi texnikanın istehsalı qaydaya salındı.
Hazırda Azərbaycan NATO standartlarına uyğun şəkildə təlim görmüş güclü silahlı qüvvələrə malikdir və hərbi potensialına görə Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Ermənilərin Qarabağla bağlı iddialarının olması hansı tarixi keçmişə təsadüf edir? Onların Qarabağda məskunlaşması hansı müqavilələrin şərtlərinə görə həyata keçirilmişdir?
Gürcüstanda milli azadlıq hərəkatının güclənməsindən qorxuya düşən sovet rəhbərliyi 1989-cu il aprelin 9-da Tbilisiyə qoşun yeritdi, mitinq silah gücünə dağıdıldı.
Bu qanlı hadisə gürcü xalqını daha qətiyyətlə öz müstəqilliyini bərpa etmək uğrunda mübarizəyə sövq etdi. 1991-ci il aprelin 9-da Gürcüstan SSRİ-nin tərkibindən çıxdı. Sovet rəhbərliyi buna mane olmaq üçün separatçı qüvvələri silahlandırıb Gürcüstanda milli münaqişə ocaqları yaratdı. Eduard Şevardnadze prezident seçildikdən sonra münaqişə bölgələrində atəşkəs imzalandı, Gürcüstanda sabitlik bərqərar oldu. Gürcüstan ərazisindən keçən Bakı–Supsa neft kəmərinin tikintisi başa çatdırıldı. Xəzər dənizində çıxarılan xam neftin Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsi və Azərbaycan qazının Bakı–Tbilisi– Ərzurum qaz kəməri vasitəsilə dünya bazarına çıxarılması haqqında saziş imzalandı. Bu layihələrin həyata keçməsində prezident E.Şevardnadzenin mühüm xidməti oldu.