XX əsrin 50-ci illərinin ikinci yarısında Azərbaycan rəhbərliyi mərkəz qarşısında həm Axıska türklərinin, həm də o zaman sürgündə olan 17 mindən çox azərbaycanlının öz ata-baba yurduna dönməsinə şərait yaradılması, bu mümkün olmadıqda isə onların Azərbaycan SSR-ə köçmələrinə icazə verilməsi məsələsini qaldırdı. Nəticədə, 1958-ci ildən etibarən Gürcüstandan Mərkəzi Asiya respublikalarına sürgün edilmiş azərbaycanlıların və Axıska türklərinin bir hissəsinin Azərbaycana köçürülməsi prosesi başlandı və qısa müddət ərzində 13 mindən çox adam respublikamızda yerləşdirildi.
Axıska türklərinin sürgündə qalan hissəsi öz vətənlərinə dönmək üçün mübarizəni davam etdirsə də, Sovet İttifaqı süqut edənə qədər buna nail ola bilmədi. Axıska türkləri 1989-cu ilin may-iyun aylarında Özbəkistanda ikinci dəfə zorakılığa məruz qaldılar. Fərqanə və Əndicanda millətçi-şovinist qruplar onlara qarşı özbaşınalıq, terror aktları, qırğın və talanlar törətdilər. Nəticədə, Axıska türkləri ikinci dəfə öz ev-eşiklərindən didərgin düşdülər.
Axıska türklərinin ikinci dəfə zorakılığa məruz qalmasını nə ilə əlaqələndirirsiniz?
XX əsrin 60–80-ci illərində Cənubi Qafqaz respublikalarında, o cümlədən Azərbaycanda milli dirçəliş, milli hisslərin oyanması baş verdi. Ermənistanda türklərə, azərbaycanlılara açıq şəkildə nifrət təbliğ edilməyə başlandı. 1980-ci illərin ikinci yarısında sovet rəhbərliyinin yenidənqurma xətti elan etməsi müstəqil dövlətçiliyin bərpası tələblərinin irəli sürülməsi ilə yanaşı, qatı millətçi çıxışların kütləvi şəkil alması və radikal qüvvələrin fəallaşmasına da səbəb oldu. Azərbaycanlılar Ermənistan SSR-in tərkibinə qatılmış tarixi Azərbaycan torpaqlarından – Göyçə, Zəngəzur və İrəvan ərazilərindən qovuldular.
Nə üçün sovet rəhbərliyi azərbaycanlıları öz yurd-yuvalarından didərgin saldı?
Ermənistanda qatı millətçi qüvvələr 1980-ci illərin sonunda qonşu dövlətlərə, o cümlədən Azərbaycana və Gürcüstana ərazi iddiaları irəli sürməyə başladılar. 1991-ci il sentyabrın 23-də Ermənistan Sovet İttifaqının tərkibindən çıxdı. İşğalçı Ermənistan dövləti Azərbaycana qarşı açıq hərbi təcavüzə başladı. Rusiyanın hərtərəfli yardımı, o cümlədən rus hərbi qüvvələrinin iştirakı ilə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal edildi.