Qərarda heç bir əsas olmadan Şimali Qafqaz və Krımın türk-müsəlman xalqları faşistlərlə əməkdaşlıqda günahlandırılır, deportasiya* olunmaları ilə bağlı hökm verilirdi. 1943–1944-cü illərdə Şimali Qafqazda yaşayan qaraçay, çeçen, inquş, balkar xalqları Sibirə, Qazaxıstana və Mərkəzi Asiyaya sürgün olundular. Bütövlükdə, 650 min türk-müsəlman əhali sürgün edildi.
Xalqların deportasiyasını həyata keçirmək SSRİ Ali Soveti Rəyasət Heyətinə nə üçün lazım idi? Bu siyasətdə məqsəd nə idi?
Sovet hökumətinin qərarı ilə 1944-cü ildə Axalsıx bölgəsinin türk və digər müsəlman əhalisi Türkiyə xeyrinə casusluqda günahlandırılıb sürgün edildi. Bütövlükdə, Gürcüstandan bu dövrdə 150 min əhali, o cümlədən 28 min azərbaycanlı zorla öz ata-baba torpaqlarından sürgün edildi. 1944-cü ildə Çeçen-İnquş MSSR, qaraçay və balkar xalqlarının muxtar qurumları ləğv edildi.
1957–1958-ci illərdə Sovet İttifaqı rəhbərliyinin yeritdiyi “mülayimləşmə” siyasəti nəticəsində Sibir, Mərkəzi Asiya və Qazaxıstana deportasiya edilmiş balkar, çeçen, inquş, qaraçay xalqları bəraət aldı və əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ qazandı. 1957-ci ildə RSFSR Ali Sovetinin sessiyası balkar, çeçen, inquş, qaraçay və kalmık xalqlarının müharibə dövründə haqsız yerə ləğv edilmiş milli muxtar qurumlarını bərpa etdi.
Nə üçün Sovet İttifaqı rəhbərliyi öz siyasətində dəyişiklik etdi? Bu atılan addımları təhlil edin.
Sürgün edilmiş xalqlara bəraət verildi və onların bir çoxudoğma yurdlarına qayıtmaq imkanı əldə etdi. Lakin Axıska türkləri SSRİ Ali Soveti Rəyasət Heyətinin 1956-cı il aprel tarixli Fərmanı ilə əvvəlki yaşayış yerlərinə qayıtmaq imkanından məhrum oldular.
* Deportasiya – əhalinin öz doğma yurdundan sürgün edilməsi