Əksinə, ölkədə böhran meyli gücləndi və ölkədə inzibati-bürokratik sistem* formalaşdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul edilmiş yeni konstitusiyasına görə, ölkədə hakimiyyətin Kommunist Partiyasına məxsus olduğu hüquqi cəhətdən əsaslandırıldı. Ölkə sosial-iqtisadi böhranla üzləşdi. 1985-ci ilin martında rəhbərliyə M.S.Qorbaçov gətirildi.
Sovet rəhbərliyi ölkəni dərin sosial-iqtisadi böhrandan xilas etmək üçün yollar axtarmağa başladı. Ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmək xətti əsas götürüldü. Az sonra ictimai quruluşu yeniləmək məqsədilə “yenidənqurma” siyasəti elan olundu. Hakimiyyətin bölüşdürülməsi ideyası irəli sürüldü. 1990-cı ildə SSRİ-də prezident vəzifəsi təsis olundu. M. Qorbaçov ölkənin birinci və sonuncu prezidenti oldu.
Dərinləşən sosial-iqtisadi və siyasi böhran SSRİ-nin dağılmasını sürətləndirdi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində M.Qorbaçovun razılığı ilə başlamış separatçılıq hərəkatı SSRİ-nin dağılmasının başlanğıcı oldu.
Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış separatçılıq hərəkatına münasibət bildirin. Hadisələri təhlil edib nəticələr çıxarın.
Sovet rəhbərliyinin SSRİ-ni qoruyub saxlamaq cəhdləri heç bir nəticə vermədi. 1991-ci ilin “Avqust qiyamı”nın uğursuzluqla başa çatması Rusiya Federasiyasının Prezidenti B.Yeltsinin Kommunist Partiyasının fəaliyyətini dayandırmasına şərait yaratdı. 1991-ci il dekabrın 8-də Rusiya Federasiyası, Ukrayna və Belarusiyanın liderləri İttifaq müqaviləsinin fəaliyyətinin dayandırılması və Müstəqil Dövlətlər Birliyi (MDB) yaratmaq niyyətlərini bildirdilər. Dekabrın 25-də M.S.Qorbaçov istefa verdi və bununla da SSRİ dağıldı.
SSRİ-nin dağılmasından sonra MDB-nin yaradılmasında məqsəd nə idi?
Dünya sosializm sisteminin dağılması nəticəsində SSRİ ilə yanaşı, “Balkan imperiyası” adlandırılan Yuqoslaviya (Serbiya, Xorvatiya, Sloveniya, Bosniya-Hersoqovina, Makedoniya, Çernoqoriya) və Çexoslovakiya (Çexiya və Slovakiya) da müstəqil dövlətlərə parçalandı.
Rusiya dünyanın siyasi arenasında bu gün də öz nüfuzunu qoruyur. Hazırda Rusiya Federasiyasının Prezidenti V.V.Putindir.