17-ci |
ELEKTRON TEXNOLOGİYALARI
|
Müasir dövrdə əl əməyinin avtomatlaşdırılması insanın həyatında əsas yer tutur. Əvvəllər insandan xeyli əmək və vaxt tələb edən bir çox işlər hazırda müxtəlif məişət texnikası tərəfindən yerinə yetirilir.
Paltarları paltaryuyan maşına qoymaq, yuyucu toz tökmək və bir cüt düyməni basmaq - bu paltar yumaq istəyən müasir insanın arzusudur. Qalanlarını ağıllı aqreqat edəcək. Həm də nəzərə almaq lazımdır ki, paltaryuyan maşın nəinki paltarı tam avtomatik rejimdə yuyur, hətta büzülmənin qarşısını alır, sıxır və s. Bir sözlə, müasir paltaryuyan maşınlar çox şeyə qadirdir.
Qeyd etmək lazımdır ki, müasir paltaryuyan maşında çoxsaylı elektron əməliyyatlar aparılır. Məsələn, yaxalamadan sonra sıxmanın başlanması üçün minlərlə, bəlkə də, milyonlarla mürəkkəb əməliyyatlar lazımdır.
Paltaryuyan maşınla iş zamanı İEQ-yə suyu qızdırmağa başlamaq, elektrik mühərrikinə - dövrlərin sayını artırmaq, nasosa - suyu boşaltmaq əmri necə verilir? |
Paltaryuyan maşının sahibinə lazım olan yuma proqramını vermək üçün idarəetmə lövhəsində tutacaq və düymələr var (şəkil 1).
Şəkil 1. Paltaryuyan maşının idarəetmə lövhəsi
Paltaryuyan maşının əmrlərlə idarə edilməsində «sehrli çubuq» rolunu onun taymeri oynayır (şəkil 2).
Taymer - maşının verilmiş konkret proqramla, müəyyənləşdirilmiş vaxt nəzərə alınmaqla, avtomatik rejimdə, fasiləsiz işləməsinə cavabdeh olan xüsusi elektron qurğudur. Taymer maşının ayrılmaz elementidir, onsuz avtomatik yuma prosesi qeyri-mümkündür.
Müasir avtomatik paltaryuyan maşınlarda idarəetmə işini elektron modullar öz üzərinə götürür. Maşın müstəqil olaraq paltarın çəkisini müəyyənləşdirir, yumaq üçün tələb olunan miqdarda su tökür və vaxtı tənzimləyir, yuyucu tozu çəkir.