Kompüter haqqında danışarkən, çox zaman fərdi kompüter (FK) nəzərdə tutulur (şəkil 1). Fərdi iş üçün nəzərdə tutulmuş kompüter “fərdi kompüter” adlanır.
Masaüstü fərdi kompüter, ilk növbədə, ofis və ya ev şəraitində işlər üçün nəzərdə tutulmuşdur. Çox vaxt o, “stasionar fərdi kompüter” adlanır. Onlar digər fərdi kompüterlərdən böyük və güclüdür. Masaüstü kompüterlər ayrı-ayrı komponentlərdən yığılır. Kompüterin əsas komponentini sistemli blok təşkil edir. O, düzbucaqlı qutu şəklində olur, stolun üstündə və ya altında yerləşdirilir. Monitor, siçan və klaviatura kimi digər komponentlər sistemli bloka birləşdirilir. Qeyd etmək lazımdır ki, masaüstü FK geniş yayılmışdır və hamıya məlumdur. Bəzi məsələlərdə, yəni peşəkar qrafika işlərində, 3D oyunlarında hələlik onlara əvəz yoxdur.
Masaüstü fərdi kompüterlərin üstünlükləri aşağıdakı göstəricilərdir: onları komplektləşdirən hissələri müstəqil seçməyin və asanlıqla dəyişməyin mümkün olması; onların ucuz və modernləşmə zamanı az problemi olması.
Masaüstü fərdi kompüterlərin bir sıra çatışmazlıqları vardır: onlar böyük çəkiyə və ölçüyə malikdir; onların daşınması narahatlıq törədir; xeyli elektrik enerjisi işlədir.
Kompüterlər necə inkişaf etmişdir? |
Müasir kompüter texnikasının yaranma tarixi XX əsrin 40-cı illərində başlanmışdır. Elə həmin vaxtdan etibarən kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etmiş və aşağıdakı mərhələlərdən keçmişdir:
I nəsil (1950—1959) — elektron lampalı kompüterlərdir. Onlardan, əsasən, riyazi məsələlərin həlli üçün istifadə olunurdu.
II nəsil (1960—1969) — element bazası, əsasən, yarımkeçiricilərdən ibarət olan elektron hesablama maşınlarıdır. Bu nəsil kompüterlərdə artıq elektron lampalar yarımkeçirici elementlərlə — tranzistorlarla və diodlarla əvəz olundu.
III nəsil (1970—1985) — element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını IBM 360/370 təşkil edirdi. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə cavab verirdi. Başqa sözlə, bilik bazası ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitqi, görmə vasitəsi ilə ünsiyyəti təminetməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verirdi.