9-cu sinif məktəbdə öz təhsilini davam etdirmək istəyən oğlan və qızların həyatında çox məsuliyyətli dövrdür.
Məhz belə bir zamanda bu dərslik insan həyatı üçün vacib olan materialların emalı texnologiyası elminin mənimsənilməsində növbəti və uğurlu pillə rolunu oynayacaq. Gələcəkdə hansı peşəni seçməyinizdən asılı olmayaraq, materialların emalı texnologiyasına aid müxtəlif əməliyyatların yerinə yetirilməsi üzrə bilik və bacarıqlar (xüsusən məişətdə və ev təsərrüfatında) sizə, şübhəsiz, xeyirli olacaq.
Dərsliklə iş prosesində siz ünsiyyət və davranış mədəniyyəti haqqında məlumat alacaq, ailə büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolu haqqında biliklərə malik olacaqsınız. Bölgələrdə yaşayanlar, geniş həyətyanı sahəyə malik olanlar isə ev heyvanları və quşları üçün yem tədarükü texnologiyası haqqında bilik və bacarıqlar əldə edəcəklər.
Ümumtəhsil fənni olan “Texnologiya”nın standartlarında müxtəlif konstruksiya materiallarının emalı üsullarının öyrədilməsinə böyük diqqət ayrılmışdır. Buna görə də dərslikdə ən böyük bölmə oduncaq, metal, plastik kütlə və s. kimi konstruktiv materiallardan məmulatların hazırlanması texnologiyasına həsr edilmişdir. Siz oduncağın, süni oduncaq materiallarının səthinin bəzədilməsi texnologiyaları üzrə ümuməmək bacarıqlarını mənimsəyəcəksiniz. Plastik kütlədən məmulatların hazırlanması, evdə və məktəbdə sadə təmir işlərinin yerinə yetirilməsi, elektron texnologiyaları, milli xörəklərin hazırlanması və parçanın emalı texnologiyası ilə tanış olacaqsınız.
İnanırıq ki, bu dərslik nəinki məktəbdə, həmçinin evdə də sizin dostunuz olacaq.
Həyat üçün vacib təhsil sahələrindən biri olan
“Texnologiya”nın mənimsənilməsində sizə uğurlar!