Şəkil 3. Uşaq otağının interyerinin formalaşdırılması
Mətbəx. Uşaq otağında olduğu kimi mətbəxin tərtibində də parlaq çalarlar üstünlük təşkil edə bilər. Lakin bu halda üstünlük təşkil edən rəng vahid olmalıdır. Mətbəx mebelinin dolablarının sayı ev sahibəsinin istəyindən asılı olaraq dəyişə bilər. Kim müxtəlif avadanlıqları və müxtəlifçeşidli ədviyyatı sevirsə, ona əlavə asma şkaflar və rəflər lazım ola bilər (şəkil 4).
Şəkil 4. Mətbəx interyerinin formalaşdırılması
Mətbəxin yaxşı işıqlandırılması ilə bərabər, havalandırılması da vacibdir. Ən yaxşı variant mətbəxdə nahar və iş məkanlarının yerli işıqlanmasıdır. Onları seçərkən rahat açılıb təmizlənən işıqlandırıcı cihazlara üstünlük vermək lazımdır.
Mənzilin interyerinin dekorativliyi nədən ibarətdir? |
İnteryerin dekorativliyi və ya dekorativ bəzəyi mənzil üçün zəruri olan əşyalar kimi, estetik funksiya daşıyan dekorativ elementləri birləşdirir. Bunlara xalçalar, parçalar, dekorativ qab-qacaqlar, heykəllər, şəkillər, dekorativ incəsənət əşyaları, dekorativ yaşıllıqlar, gül dəstələri və s. daxildir. Bu elementlər divarların, mebelin, quraşdırılmış avadanlığın rəngi ilə uyğunlaşdırılarsa, evin interyerinin zahiri görünüşünü tamamlayar və ümumi ahəngə bədii çalarlar əlavə edər.
Mənzilinizin interyerindəki dəyişikliklərdən qorxmayın. Başlıcası üslublarda harmoniklik və mənzildə şən əhvali-ruhiyyə yaratmaqdır.