Qonaq otağında, həmçinin müxtəlif aksesuarlar1 (əlavə bəzəklər) olmalıdır. Otağa eyni üslubda, bir neçə növdə əlavə bəzək yerləşdirmək olar. Qonaq otağı həm də istirahət otağı olduğu üçün mənzərə şəkilləri, sakitləşdirici bəzək əşyaları, çərçivəyə alınmış ailə şəkilləri mənzilin interyerinə daxil edilə bilər.
Yataq otağı. Yataq otağında tünd çalarlı rənglərə üstünlük verilir. Bu otaqda geniş və rahat çarpayı, paltar şkafı, gigiyenik və kosmetik vasitələr üçün çoxsaylı siyirmələri olan güzgülü dolab yerləşdirilir.
İşıqlandırmanı həddindən artıq parlaq etmək lazım deyil. Misal üçün, şamşəkilli stolüstü lampalar daha sakit mühit yarada bilər. Əsas işıqlandırmadan başqa yataq otağında əlavə çıraqların olması daha məqsədəuyğundur (şəkil 2).
Şəkil 2. Yataq otağının interyerinin formalaşdırılması
Mebeli yerləşdirmək üçün sadə qaydalara riayət etmək lazımdır. Məsələn, çarpayının baş tərəfini pəncərəyə bitişdirmək məsləhət deyil. Açıq pəncərə arzu olunmayan güclü səs-küy və sərinlik mənbəyi ola bilər. Həmçinin çarpayını qapı ilə də üzbəüz yerləşdirmək olmaz. İstirahət zamanı istər-istəməz kiminsə qapını açıb girə bilməsi narahatlığı yaşanar.
Yataq otağının pərdələri xüsusi məna kəsb edir. Axşam və gecə saatlarında səsudan sıx pərdələrlə birlikdə bütöv yüngül tül pərdələrlə gözəl mühit yaratmaq olar.
Uşaq otağı. Uşaq otağına parlaq və əlvan rənglər uyğun gələr. Rəngarənglik yaratmaqdan qorxmaq lazım deyil, parlaq rəng çalarları, əksinə, hər gün bu otağın azyaşlı sakinini sevindirəcək. Otağın döşəməsinə sərilmiş xalça və oyuncaqlarla yanaşı, uşağın yataq dəstləri də əlvan ola bilər. Uşaq otağında şəxsi paltar dolabı da olmalıdır (şəkil 3).
Bununla yanaşı, uşaq otağını həddindən artıq mebellə yükləmək lazım deyil. Bu otaqda az sayda sərt küncün və çox sayda yumşaq səthin olmasına çalışmaq lazımdır. Uşaqlar üçün otağın formalaşdırılmasında başlıca vəzifə uşaqda şən əhvali-ruhiyyənin yaradılmasıdır.
1Aksesuar — interyerə daxil olan dekorativ suvenir və əşyalar, divar şamdanları, rəsm əsərləri və s. kimi əlavə bəzəklər