Onlar mənzilin səmərəli planlaşdırılması, mebelin münasib düzülüşü, avadanlığın tam və mükəmməl seçilməsi, onun məqsədəuyğun istifadəsi, iş zamanı əlverişli və uzunömürlü olması ilə əldə olunur. Yaşayış yerinin interyerinin estetik keyfiyyətləri, ilk növbədə, maddi-əyani mühitin harmonikliyindən, onun elementlərinin birbiri ilə nə dərəcədə uyğunlaşmasından asılıdır. Onlardan başlıcası - məkan quruluşu, səthlərin rəng seçimi və bəzədilməsi həlli, avadanlığın xarakteri və forması, dekorativ bəzək, işıqlandırma və yaşıllaşdırmadır.
Mənzilinizin gigiyenik keyfiyyəti onun ailənin həyat fəaliyyətində obyektiv psixofizioloji tələblərə nə dərəcədə cavab verməyindən asılıdır. Havalandırma, akustik rahatlıq, açıq eyvanlar, günəş şüaları ilə təminat, sanitar-gigiyenik cihazların quraşdırılması - bütün bunlar mənzilin layihəsində nəzərdə tutulmuşdur. Yaşayış yerinin interyerinin formalaşdırılması prosesində mənzilin gigiyenik rahatlığını yaxşılaşdırmaq, ailə üzvlərinin şəxsi tələblərini və onların interyerə uyğunluğunu nəzərə almaq lazımdır.
Yaşayış yerinin interyerini necə formalaşdırmaq olar? |
Yaşayış yerinin formalaşdırılması məsuliyyətli işdir. Mənzil dəhliz, mətbəx, sanitariya qovşağı, qonaq otağı, yataq otağı və uşaq otağından ibarət olur. Bəzi hallarda bu otaqlara iş kabineti, kitabxana və s. əlavə edilə bilər.
Qonaq otağı. Qonaq otağı çox sayda insan (bütün ailə üzvləri, qohumlar, dostlar) yığılan sahə olduğundan, orada çoxlu kreslo və yumşaq kətil olmalıdır. Divan qonaq otağının başlıca əşyasıdır.
Odur ki, üzərində bir neçə nəfərin otura biləcəyi divan almaq üçün xəsislik etməyə dəyməz. Kiçik mənzilə ölçüləri nisbətən kiçik olan divan almaq olar, lakin bu halda mütləq divanla üzbəüz iki kreslo yerləşdirmək lazımdır. Belə yerləşmə üzbəüz söhbət imkanı verir ki, bu da otaqdakı interyerə müsbət çalarlar gətirir.
Qonaq otağı işıqlı olmalıdır. Mərkəzi işıqlandırma mənbəyi, divara vurulan elektrik lampası armaturu, otağın künclərindəki yer lampaları, çoxşamlı çilçıraq bu işin öhdəsindən asanlıqla gəlir (şəkil 1).
Şəkil 1. Qonaq otağının interyerinin formalaşdırılması