Qab-qacaq, boru və s. bu kimi məmulatların istehsalında polipropilendən istifadə olunur (şəkil 3, b, c). Ondan butulka qapaqları, disklər, şprislər, vedrələr, yoqurt stəkanları və digər məhsullar hazırlanır.
Polipropilen təhlükəsiz xammal olduğu üçün ondan uşaq oyuncaqları və qab-qacağı hazırlanır.
Bəzən polipropilenə, hətta avtomobillərin banında və salonunda da rast gəlmək olar.
Şəkil 3. a) polipropilen; b) polipropilen mətbəx avadanlığı;
c) polipropilen santexnika avadanlığı
Polistirol (şəkil 4, a). Sintetik polimer olaraq bu material çox böyük temperatur fərqinə davam gətirir. Məhz bu üstünlüyünə görə o, yüksək keyfiyyətli məhsul istehsalında son dərəcə etibarlı və möhkəm xammal kimi geniş istifadə edilir.
Polistirolun fizioloji cəhətdən təhlükəsizliyi ondan insanın gündəlik həyatına daxil olan məişət, əmtəə mallarının və avadanlıqların, məsələn, duş kabinələrinin arakəsmələrinin, qida üçün konteyner və qablaşdırma məmulatlarının, mətbəx ləvazimatları və fincanların, mənzillərdə istiliyi təmin edən izoləedici lövhələrin və s. hazırlanmasına şərait yaradır.
Şəkil 4. a) polistirol;
b) polistirol təbəqəsi; c) polistirol karniz
Polikarbonat (şəkil 5, a). Bu maddə yüksək temperatura davamlıdır, odur ki onu əritmək asan deyil (adətən, 135°C temperaturda material öz ilkin xassələrini saxlayır). Təsadüfi deyil ki, şəffaf polikarbonat “gülləkeçirməyən şüşə” kimi tanınır.
Şüşənin ekoloji xassələrinə malik olan bu material ondan daha möhkəmdir. Odur ki, polikarbonatdan sadə şüşənin dözməyəcəyi məmulatların, məsələn, plastik kütləni əridib tökmək üçün formalı pres-qəliblərin, kosmonavtikada, hərbi sənayedə orqanik texnikanın, mebelin hazırlanmasında və s.-də istifadə olunur (şəkil 5, b, c).