Plastik kütlə hansı üstün cəhətlərə malikdir? |
Hazırda plastik kütlədən olan məmulatları arzuolunan edən əsas cəhət onların ucuz olmasıdır. Bununla yanaşı, onlar çox elastikdir, az sıxlığa malikdir və korroziyaya məruz qalmır. Bu məmulatların elektrik və istilik keçiriciliyi aşağıdır, səsudma və titrəyişudma xassələrinə malikdirlər.
Eləcə də onların çəkisi azdır, nisbətən uzunömürlüdürlər, rahat yuyulur və müxtəlif rənglərə boyanılır. Plastik kütlədən olan məmulatların müasir çeşidi ekoloji cəhətdən yüksək göstəricilərə malikdir ki, bu da onlardan həyatın müxtəlif sahələrində geniş istifadə olunmasına imkan verir. Plastik kütlədən olan məmulatlara yeni, daha böyük tələblərin qoyulduğunu nəzərə alaraq, mütəmadi şəkildə onların keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər aparılır.
Plastik kütlənin hansı növləri var? |
Hər bir insan gündəlik həyatında bir çox plastik kütlə növündən olan məmulatlardan istifadə edir. Onlardan bəzilərini nəzərdən keçirək.
Polietilen (şəkil 2, a). Hər kəs polietilen haqqında eşidib və hər bir insanın əlinin altında bu materialdan hazırlanan bir neçə əşya tapılar. Plastik kütlənin bu növü yüksək möhkəmliyə malikdir, temperatur fərqinə davamlıdır, xoşagəlməz qoxusu yoxdur, qidalanmada istifadə üçün təhlükəsiz hesab edilir.
Polietilen məmulatlar müxtəlif kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olduqda, əsasən, öz əvvəlki xassələrini dəyişmir. Polietilendən oyuncaqlar, müxtəlif qablaşdırma materialları (şəkil 2, b), nazik pərdə, müxtəlif həcmli çənlər (şəkil 2, c), süd, süd məhsulları və şirələr üçün şəffaf butulkalar, məişət kimyası və mühərrik yağları üçün müxtəlif qablar və s. hazırlanır.
Polipropilen (şəkil 3, a) tez dağılır və polietilenə nisbətən şaxtaya davamlılığı azdır. Alimlər belə hesab edirlər ki, o insan həyatına və ətraf mühitə heç bir təhlükə yaratmır. Qida sənayesində istifadə üçün tam yararlıdır, ətraf mühitə qarşı davamlı polimerdir.
Şəkil 2. a) polietilen; b) polietilen torbalar; c) polietilen çənlər