1. Pəncərə çərçivəsinin sökülməsinə başlayaq.
Bunun üçün pəncərə layları çıxarılır, şüşə bərkidiciləri götürülür və ya iskənə ilə zamazka (əlif yağı qarışdırılmış təbaşir tozu) qopardılaraq şüşə çıxarılır. Sonra isə furnitur tamamilə kənarlaşdırılır (onsuz da onu yenisi ilə əvəzləmək lazımdır); xarici pəncərə laylarından ehtiyatla su axıdıcıları çıxarılır, çünki onlar mismarla bərkidilir və şübhəsiz, paslanmış olur. Başqa mismarlar və polad künclüklər götürülür. Sonrakı işlər üçün çərçivə və pəncərə laylarında ancaq ağac hissələr qalmalıdır. Pəncərələr çirkdən təmizlənir. Daha sonra çərçivələr və pəncərə layları bir-bir olmaqla lövhə üzərinə yerləşdirilir və diaqonalları ölçülərək düzbucaqlı olana qədər düzəldilir: onlar eyni uzunluqda olmalıdır. Xüsusən nəfəslik layları əsaslı surətdə ölçülür və düzəldilir. Pəncərənin bu kiçikölçülü hissəsində buraxılan səhv sonradan ciddi qüsurlar yaradır. Diaqonalların uzunluğundakı 1 mm fərq təmirdən sonrakı dövrdə 0,6-0,7 mm-lik yarıq əmələ gətirir.
Köhnə boyanı iki üsulla pəncərədən çıxarmaq olar: termik və kimyəvi.
Termik emal üsulu ilə təmizləmə üçün inşaat fenindən istifadə edilir (şəkil 2).
Köhnəlmiş boyanın inşaat feni ilə çıxarılması daha praktik və rahatdır. Bu işi yerinə yetirmək üçün aşağıdakılar lazımdır: inşaat feni, elektrik uzadıcısı, fen üçün ucluqlar, rəngsaz malası və boyanı qaşımaq üçün xüsusi alətlər, fırça və mühafizə vasitələri (əlcəklər, respirator).
Köhnəlmiş boyanın çıxarılma texnologiyası nədən ibarətdir? |
Köhnəlmiş boyanın çıxarılma texnologiyası:
• fenlə 5-10 sm məsafədən kiçik səthlər qızdırılır. Boya qabardıqda rəngsaz mala qaşıyıcısı ilə kənarlaşdırılır. Mala qaşıyıcısı rəngsaz malasından sərt ağızlığına görə fərqlənir. Bu alətlə qabaran boyanı çıxarmaq olduqca rahatdır. Amma bu məqsədlə ensiz rəngsaz malası da götürmək olar.
• qaşımaq asan olsun deyə birdəfəyə böyük səthi qızdırmaq lazım deyil. İşin rahat getməsi üçün elektrik uzadıcısından istifadə edilir. İş zamanı otağın havası tez-tez dəyişdirilir.
• fenin dəstəyindən elə tutulur ki, hava çəpərinin dəlikləri əl ilə qapanmasın. Belə olarsa, fen həddindən artıq qıza bilər.
• fen sağ əldə tutulur və hava axını lazımi yerə yönəldilir. Boya köpüb qabaran zaman sol əldəki rəngsaz malasının köməyi ilə tez kənarlaşdırılır.
• fırça vasitəsilə soyulmuş kiçik boya hissəcikləri yığışdırılır.