Latun məftil (şəkil 1, c) - parıltılı-qızılı rəngdədir, zaman keçdikcə qaralır. Latun məftil korroziyaya davamlı, möhkəm və plastikdir. Ondan kiçik dekorativ elementlərin hazırlanmasında istifadə olunur. Təbii rəngini saxlamaq məqsədilə məmulat şəffaf metal lakı ilə örtülür. Dekorativ işlərdə diametri 1 mm olan latun məftildən istifadə olunur.
Sink məftil (şəkil 1, ç) - sink məftil mavi çalarlı gümüşü rəngdədir, parıltısı yoxdur. Möhkəm və kifayət qədər elastikdir. Alətin köməyi ilə asanlıqla əyilir. Dekorativ işlərdə diametri 0,4, 0,6, 1 və ya 2 mm olan sink məftildən istifadə olunur.
Rəngli örtüyü olan nəbatatlı məftil (şəkil 1, d) - yuxarıda sadalananlardan da nazik məftildir və dekorativ məqsədlər üçün istifadə olunur. Bu məftil həcmli kütlə yaratmaq üçün yaxşı burulur. Ondan kiçik muncuq və ya balıqqulağı və s. kimi kiçikölçülü bəzək elementləri asmaq olar.
Məftildən hazırlanacaq məmulatlar üçün dekorativ elementlər təbii materiallardan seçilsə, məmulatlar zərif və yaraşıqlı alınar. Müxtəlifölçülü, rəngli şüşə muncuq, balıqqulağı, ipək qotazlar və s. təbii bəzək elementləri hazırlanan dekorativ əşyanı arzuolunan edər (şəkil 2).
Məftil ilə iş zamanı yastıağız kəlbətindən, girdəağız kəlbətindən, itiağız kəlbətindən, çəkicdən, yeyədən və s.-dən istifadə edilir.
Şəkil 2. Əlavə materiallar: a) balıqqulağı;
b) şüşə muncuq; c) muncuq; d) ipək qotazlar
Bu dekorativ asma bəzəyi necə hazırlamaq olar? |
Qeyd etmək lazımdır ki, bu işdə (şəkil 3) tələb olunan əsas iş məftili düzgün burmaqdır.
Praktik iş: |
Asma bəzəyi hazırlamaq üçün bu resurslar tələb olunur: diametri 1 mm (D=1mm) olan mis məftil, iri balıqqulağı, şüşə muncuqlar, qırmızı rəngli ipək qotazlar, ağ rəngli qalın sap, girdəağız kəlbətin, drel, kiçik diametrli burğu, çəkic