çirk izlərinin kənarlaşdırılması üçün həssas təmizləmə; ilkin hazırlıq (təməlin materialından asılı olaraq dəyişməklə); doymuş məhlul olan vannaya yerləşdirmə və temperaturları eyniləşdirmə; cərəyan qoşmaq və lazımi qalınlıq alana qədər onu saxlamaq.
Xromlama zamanı istifadə olunan reagentlər1 və prosesin tullantıları son dərəcə zəhərlidir və bu proses ciddi tənzimlənməlidir.
Minaçəkmə də səthlərin bəzədilmə metodlarından biridir.
Minaçəkmə - mina qatı çəkilməklə məmulatların bəzədilmə üsuludur. Belə bəzəmələrdə isti (silikatlı), soyuq (üzvi) və rəssam minalarından istifadə olunur.
Minaçəkmə dekorativ əşyaları, suvenirləri, zərgərlik və s. məmulatları bəzəmək üçün istifadə olunan rəngli materialların məmulat üzərinə çəkilmə prosesidir.
Minaçəkmə zərgərlik məmulatlarının səthini bəzəməyin ən mürəkkəb üsullarından biri hesab olunur. Zərif və düzgün minaçəkmə bacarığı xüsusi istedad tələb edir (şəkil 6).
Şəkil 6. Mina çəkilmiş məmulatlar
İsti mina - müxtəlif metal oksidlərindən istifadə etdikdə lazımi rəngə boyana bilən qurğuşunlu şüşədir. İsti mina şəffaf və ya qeyri-şəffaf ola bilər. Minaçəkmənin bu növündə bəzəmə yüksək temperaturda (600- 850°C) aparıldığı üçün xüsusi mufel sobalarından istifadə tələb olunur.
Soyuq mina - müasir sənayenin istehsal etdiyi müxtəlif piqmentlərdən2, eləcə də lak-boya materiallarından istifadəyə əsaslanan bəzəmə üçün örtük növüdür. Hazır məmulatlarda onların büllurlaşması xüsusi katalizatorların3 tətbiq edilməsi ilə sürətlənir.
1 Reagent — başqa bir maddə ilə qarışdırıldıqda müəyyən kimyəvi reaksiya əmələ gətirməklə axtarılan maddənin mövcud olmasını zahirə çıxarmağa imkan verən maddə
2 Piqment — dəriyə, saça rəng verən maddə
3 Katalizator — kimyəvi reaksiyaları sürətləndirən və ya yavaşıdan maddə