Poliment qonur rəng alaraq quruduqdan sonra təmiz, hamar və parlaq olması üçün təmiz mahud parça ilə yuyulur. Bundan sonra qızıl suyu çəkiləcək yer fırça ilə yarı su, yarı 40%-li spirt məhlulunda isladılır.
Laklama - qatran məhlulu ilə örtmə üsuludur.
Əlvan metalların səthinin bəzədilməsinin növbəti üsulu patinləşdirmədir.
Patinləşdirmə və patin nə deməkdir? |
Patinləşdirmə interyer əşyalarına və materiallara gözəl dekorativ görünüş və əntiqlik vermək və onlarda qoruyuculuq xassələrini yüksəltmək üçün məmulatın görkəminin süni yolla köhnəldilməsidir.
Patinləşdirməyə mis, bürünc, latun, dəmir, ağac, gips və s. materiallardan olan məmulatlar məruz qalır (şəkil 3).
Şəkil 3. Patinləşdirilmiş məmulatlar
Patin mis və onun ərintiləri üzərində olan pərdə və ya nazik təbəqədir. Patinin iki növü vardır: təbii və süni.
Təbii patin - ətraf mühitin təsiri altında dekorativ (abidələrdən tutmuş sikkələrə qədər) və ya texniki məmulatların (sökülmə yerləri, kontaktlar) səthində yaranan karbonat oksidli pərdədir.
Süni patin - abidələrə və dekorativ məmulatlara xüsusi maddələrin yaxılması nəticəsində onların səthində yaranan nazik təbəqədir.
Metalı lazımi ölçüdə və zövqlə patinləşdirmək lazımdır, çünki əks təqdirdə əldə olunan parıltı bayağı olar. Elə bu səbəbdən də bu işi yerinə yetirmək üçün mütləq peşəkara müraciət etmək lazımdır.
Əlvan metal səthlərinin bəzədilməsinin digər üsulu gümüşləmədir.
Gümüşləmə - metalın səthinə gümüş təbəqəsinin çəkilməsidir.
Bəzən detalların və digər elektrikkeçirən materialların, məsələn, qrafitin səthinə gümüş təbəqəsinin qalvanik proseslə çəkilməsini də gümüşləmə adlandırırlar.
Gümüşləmə metalları korroziyadan, yeyilmədən qorumaq, eləcə də onların səthinə parıltı vermək üçün aparılır (şəkil 4).