Bu üstünlüklərdən biri elektrokimyəvi üsulla aşınmada qalvanik elementdən1 istifadə olunmasıdır.
Qalvanik elementlə aşınma daha tez müddətdə baş verir, metalın səthində təsvirin konturları daha tünd və aydın olur. Bundan başqa, aşılayıcı maddələrin tərkibində zərərli maddələr olmadığından iş prosesində insanın sağlamlığına ziyan vuracaq qazlar əmələ gəlmir.
Elektrokimyəvi aşınma maye elektrolitdə elektrokimyəvi proseslərin baş verməsi hesabına əldə olunur. Metal məmulat qaynar suda yuyulur və qurudulur. Bundan sonra fırça ilə emal olunmayan səthə qoruyucu dırnaq lakı çəkilir (şəkil 6).
Aşınma zamanı çökmüş və ya qabarıq təsvir almaq mümkündür. Bu, lak təbəqəsinin metalın səthinə çəkilməsindən asılıdır. Lak təbəqəsi olmayan təmiz metal hissə kimyəvi aşınmaya məruz qalır. 0,5 litr suda iki xörək qaşığı mətbəx duzu həll edilir.
Prosesi aktivləşdirmək üçün elektrolitə polad elektrod salınır və sabit cərəyan mənbəyinin mənfi (-) qütbünə birləşdirilir (şəkil 7). Cərəyan mənbəyinin müsbət (+) qütbünə isə emal olunacaq məmulat qoşulur.
Keyfiyyətli düzləndirici olmadıqda mobil telefon üçün olan düzləndiricidən (adapter) istifadə etmək olar. Bu zaman onun uyğun yuvaya aid kontaktı kəsilməlidir.
Qabda elektrolitin səviyyəsini elə nizamlamaq lazımdır ki, aşınma zamanı o ətrafa sıçramasın.
Metalın səthindəki dərinliyi vizual müşahidə etməklə nizamlamaq olar. Bunun üçün məmulat vaxtaşırı məhluldan çıxarılır və ona nəzarət edilir.
Arzu olunan nəticə alındıqdan sonra məmulat cərəyan mənbəyindən ayrılır və səthdəki lak təbəqəsi səliqə ilə kənarlaşdırılır. Bu məqsədlə lak çıxardıcı vasitələrdən və sıx parçadan istifadə etmək olar. Sonda səthinə şəkil köçürülmüş məmulat sabun və ilıq su ilə yuyulur.
1Qalvanik element — elektrik cərəyanının kimyəvi mənbəyidir.