7-ci |
QARA METALLARIN SƏTHİNİN
|
Metalı bəzəmək nə deməkdir? |
Bəzəmə istənilən məmulatın hazırlanmasında sonuncu əməliyyatdır. Bəzədilmə nəticəsində düz və hamar səth əldə olunur, metalın köhnəlməyə və korroziyaya1 müqaviməti artır, məmulata gözəl xarici görkəm verilir.
Nazik təbəqə metaldan və məftildən olan məmulatlar müxtəlif üsullarla bəzədilir: detalın kənarlarının təmizlənməsi, cilalanması, laklama və ya rəngləmə, oksidləşmə, rifləmə2, aşınma.
Kənarların təmizlənməsi xırda kərtikli yeyə ilə yerinə yetirilir. Onun köməyi ilə tilişkələr kənarlaşdırılır, iti uclar kütləşdirilir. Çox böyük olmayan əyriliklər cilalayıcı sumbata kağızı ilə aradan qaldırılır.
Təbəqə metaldan olan pəstahların kənarlarının rahat təmizlənməsi üçün onları məngənədə iki taxta parçası arasında bərkitmək məsləhət görülür.
Nazik və qısa detalları sumbata kağızı vərəqinə sürtərək emal edirlər. Detallar oduncaq qəliblə sıxılır və bir qədər güc sərf edilməklə sumbata kağızının səthində irəli-geri hərəkət etdirilir.
Rəngləmə və ya laklamadan əvvəl detalların səthi xüsusi məhlulla yağsızlaşdırılır və ya soda məhlulunda isladılmış pambıq tamponla silinir.
Rəng və ya lak quru metal səthə xırda boya balonundan tozlandırma üsulu ilə, həmçinin bütün səthə bərabər olaraq fırça ilə çəkilir (şəkil 1).
Şəkil 1. Metalın rənglənməsi və ya laklanması:
a) tozlandırma üsulu ilə; b) fırça ilə
Detala sürtülmüş yağlı boya əsaslı surətdə bütün istiqamətlərdə yaxılır. Boyanın və ya lakın ikinci qatı birinci qat quruduqdan sonra çəkilir. Bu zaman boya təbəqəsi hamar alınır, rənglənmiş səth isə gözəl görünüş əldə edir.
1 Korroziya — metalın turşular və ya atmosfer tərəfindən yeyilib dağılması
2 Rifləmə — metalın səthini kələ-kötür etmə, çopurlaşdırma