Məlum olduğu kimi, OYL-in hazırlanmasında əsas olaraq ağac emalı sənayesinin tullantıları, eləcə də kəpək, yonqar və talaşa götürülür. Xammalın hazırlanmasında hazır materialın keyfiyyət göstəricilərini yaxşılaşdırmaq üçün müxtəlif növ ağacların yonqarı qarışdırılır. Lazımi sıxlıqda OYL əldə etmək üçün xammalın maksimum eyni tərkibdə olmasına çalışmaq lazımdır. Buna görə də kəpəyi, talaşanı və yonqarı əlavə olaraq lazımi kondisiyaya1 qədər doğrayır və xırdalayırlar.
Sonra xammalı qurudurlar. Xammalın qurudulması oduncaq hissələrinin rütubətdən xilas olunmasına imkan verir. Bu isə onların yapışqanla daha keyfiyyətli qarışdırılmasına imkan yaradır. Bundan sonra xammalı yapışqan tərkiblə əsaslı surətdə qarışdıraraq lövhələrin formalaşdırılması üçün hazır kütlə əldə edilir. OYL-in formalaşdırılması belə baş verir: yapışqanlı kütlə lazımi endə hərəkətli lentə tökülür və bundan sonra temperatur rejiminə ciddi əməl olunmaqla lazımi qalınlıqda preslənir. Sonda hazır oduncaqyonqarlı lövhə lazımi uzunluqda kəsilir və əlavə olaraq qurudulur.
OYL-lər bir və ya iki tərəfdən üzlənmiş və üzlənməmiş növdə istehsal olunur. OYL-ləri soyulmuş şponla, sintetik qatran hopdurulmuş kağızla və sintetik nazik təbəqə ilə üzləyirlər. Sənayedə laminə edilmiş və kaşirlənmiş OYL-lər istehsal olunur.
Laminələnmə2 lövhə səthlərinin qatran hopdurulmuş nazikpərdəli kağızla örtülmə prosesidir (şəkil 5). Böyük təzyiq və temperaturun (140-210° C) kompleks təsiri nəticəsində nazik pərdəli kağız səthə “nüfuz edir”.
Kaşirlənmə2 bərk nazik təbəqənin oduncaqyonqarlı lövhəyə preslənməsidir (şəkil 6). Bu zaman lövhənin bütün səthinə yapışqan təbəqəsi çəkilir və bu təbəqəyə bərk dekorativ təbəqə preslənir. OYL-in kaşirlənmə prosesi laminələnməyə nisbətən daha “yumşaq şəraitdə”, yəni nisbətən kiçik təzyiq və temperaturda (120-150° C) həyata keçirilir.
Ev şəraitində üzlənməmiş OYL-in səthini çox asanlıqla üzləmək olar (şəkil 7). Bunun üçün iki üsul mövcuddur:
• səthi lak-boya materialları ilə örtmək;
• səthə kağız təbəqə və ya şpon yapışdırmaq.
1 Kondisiya - norma, standart
2 Laminələnmə — ingiliscə lamination — laylaraayırma, açma, təbəqələrəayırma
3 Kaşirlənmə — almanca kasehieren — kağız yapışdırmaq