Faner bir ağac növündən olmaqla vahid tərkibli və ya bir neçə ağac növündən kombinəedilmiş olur.
Xarrat lövhəsi konstruktiv xüsusiyyətinə və xarici görünüşünə görə fanerə oxşayır (şəkil 4). Bu yapışdırılmış təbii ağaclardan ibarət, yonulmuş faner və ya şponla üzlənmiş lövhədir. Xarrat lövhələrinin hazırlanması üçün iynəyarpaqlı və enliyarpaqlı ağac növlərindən istifadə olunur. Xarrat lövhələri ağac kütləsindən ibarət xammaldır.
Xarrat lövhəsindən keyfiyyətli mebel istehsalında, həmçinin qapıların, arakəsmələrin və pilləkənlərin hazırlanmasında, interyerin tərtib olunmasında geniş istifadə edilir. Həmçinin bir çox hallarda bu materiallardan tikintidə də istifadə edilir. Xarrat lövhəsi əlverişli qiyməti, çox gözəl istismar xarakteristikası, etibarlı və ekoloji təhlükəsizliyi ilə seçilir. Bundan başqa, xarrat lövhələri MDF və ya OYL-ə nisbətən daha davamlıdır.
Xarrat lövhələrinin müsbət xüsusiyyətlərindən biri də onların rütubətə dözümlü olmasıdır.
Süni oduncaq materiallarının səthini necə bəzəmək olar? |
Faner və xarrat lövhələrinin səthində bəzəmə işləri oduncaqdakından heç də fərqlənmir. Axı onlar da oduncaqdan alınmışdır. Bu səbəbdən onları əvvəlcə xırdazərrəcikli sumbata kağızı ilə cilalayır, sonda isə astarlama, ara məsafələrinin doldurulması işləri görülür.
Hər iki süni oduncaq materialının dekorativ bəzədilməsi zamanı səthi qoruyucu şəffaf lakla örtmək olar. Bəzəmənin bu növündə materialların teksturası örtülmür, şəffaf qalır, buna görə də belə bəzəmə xarrat bəzəməsi adlanır.
Əgər süni oduncaq materiallarının teksturası rəngli boya ilə rənglənib görünməzsə, onda bu bəzəmə qeyri-şəffafdır və o rəngsaz bəzəməsi adlanır.
Bəzəmənin sadalanan növlərindən başqa digər bədii bəzəmə növləri də mövcuddur: inkrustasiya1 (mozaika); yandırma üsulu ilə naxışsalma; divar naxışı; rəngləmə ilə oxşatma.
OYL-nin səthini necə bəzəmək lazımdır? |
Əvvəlcə OYL-in hazırlanma texnologiyası ilə tanış olaq.
Oduncaq yonqarlı lövhə (OYL) xırdalanmış oduncaq tullantılarını yapışdırmaq və presləmək yolu ilə istehsal olunur.
1İnkrustasiya — başqa bir material üzərinə (sədəf, sümük, qiymətli daş və s.) taxılan bəzək