Laklar rəngsiz və ya ton verilmiş olur. Rəngsiz laklar təbii oduncağın təbiilik xüsusiyyətinin qorunması lazım olan hallarda tətbiq olunur. Ton verilmiş laklardan məmulata lazımi incə fərq vermək üçün istifadə edilir.
Laklar mexaniki zədələnməyə (cızığa, qopuğa, çatlara, zərbələrə), təbii oduncaq kütləsi və şponun rənginə təsir göstərən rütubətə və ultrabənövşəyi şüalara müqavimət göstərir.
Lak təbəqəsi bütün kələ-kötürlüyü və mikroçatları dolduraraq səthi hamarlayır.
Sonda axırıncı mərhələ - yuxarıda qeyd edildiyi kimi detalın laklanması yerinə yetirilir.
Əgər detal məişət üçün nəzərdə tutulubsa, səthinin yarıtutqun rəng alması üçün ona 1-2 qat HU-222 lakı çəkilir (şəkil 3).
Xarrat məmulatlarının qeyri-şəffaf bəzədilməsinin son mərhələsi rəngləmədir. Belə bəzəmənin müsbət cəhəti rəngin oduncağı zədələnmədən qorumasıdır.
Laklardan fərqli olaraq, boyalar əvvəlki qatı tam örtür, bu isə səthi hamarlamağa və qüsurları gizlətməyə imkan yaradır. Lazımi çalarda boya seçməklə yaranmış qüsuru (məsələn, dərin cızıqları) aradan qaldırmaq olar.
Oxşatma bəzəməsi dedikdə yüksək temperaturda və təzyiq altında oduncaq səthinin süni nazik pərdə ilə üzlənməsi nəzərdə tutulur. Bu zaman üzlənən səthdə cızılmaya, çirklənmə və müxtəlif kimyəvi maddələrin təsirinə davamlı sərt təbəqə yaranır. Belə təbəqənin üz qatı ağacın müxtəlif növlərinə (dekorativ kağıza çap olunmuş təsvirin hesabına) oxşaya və ya birrəngli ola bilər.
Oxşatma bəzəməsinin müsbət cəhəti odur ki, sonradan üz örtüyünü lak-boya materialları ilə bəzəməyə ehtiyac qalmır. Təbii oduncaqdan fərqli olaraq, çalar müxtəlifliyi problemi yaranmır. Məmulat cızılma, çirklənmə və müxtəlif kimyəvi maddələrin təsirinə davamlı olur. Üz örtüyü çat vermir, öz rəngini və teksturasını uzun müddət saxlayır.
Oxşatma bəzəməsindən mebel, qapı, radio, televizor və digər məmulatların hazırlanmasında istifadə olunur.
Oduncağın məxsusi bəzədilməsinin bir neçə üsulu var. Oduncaq səthinin əridilmiş və ya tozşəkilli metaldan (metallaşdırma) bəzəmə qatı ilə, əridilmiş qatranla örtülməsi, oduncaq üzərində dekorativ işlərin (yivaçma, naxışsalma, daş-qaşla bəzəmə, yandırma) yerinə yetirilməsi məxsusi bəzədilmə üsullarıdır.
Məxsusi bəzəmə, əsasən, sistemsiz istehsalda, kiçikölçülü məmulatların hazırlanmasında tətbiq olunur və geniş yayılmamışdır.