5-ci |
ODUNCAQ SƏTHİNİN BƏZƏDİLMƏ
|
Məişət və ya bağ işlərində oduncaqdan çox istifadə olunur. Lakin öz təbii görünüşündə oduncaq məmulatları ətrafdakı mebel və əşyalarla vəhdətdə gözəl görünmür. Oduncaq hiqroskopik olduğundan o, öz rəngini və rütubətliliyini dəyişir. Buna görə də oduncaqdan olan əşyanın öz istehlak keyfiyyətini uzun müddət saxlaması üçün onun üzərində bəzəmə işləri görmək lazımdır. Bundan başqa, düzgün bəzədilmiş əşya öz təbii görünüşünə nisbətən əhəmiyyətli dərəcədə dekorativ görünüşə malik olur.
Oduncaq səthinin bəzədilmə texnologiyası nədən ibarətdir? |
Xarrat məmulatları üçün oduncaq şəffaf, qeyri-şəffaf, oxşatma və məxsusi bəzədilmə üsulları ilə bəzədilir.
Oduncağın şəffaf bəzədilməsi onun səthinə rəngsiz və ya rənglənmiş şəffaf bəzəmə materiallarının çəkilməsidir ki, bunun nəticəsində yaranan təbəqə oduncağın teksturasını saxlayır və ya bir az da çox büruzə verir (şəkil 1).
Şəffaf bəzəmədən əvvəl oduncağı bəzəməyə hazırlayırlar, bunun üçün bir neçə əməliyyat yerinə yetirilir: təmizləmə, cilalama, ağac xovunun təmizlənməsi.
Təmizləmə əməliyyatı kiçikgövdəli rəndə ilə yerinə yetirilir. Rəndənin bıçağı əvvəlcədən yonulur və bülöv daşında itilənir. Əgər təmizləmədən sonra oduncağın səthində qüsur olarsa, məsələn, kiçik budaq və ya qatran ayrılmaları, onda onlar kəsilir və oduncağın özündən calaq salınır. Qüsurlu yerlərin təmirindən sonra məmulatın səthi sumbata kağızı ilə kəsici alətlərin izi itənə qədər cilalanır.
Cilalama əvvəlcə irizərrəcikli, daha sonra isə onu əvəz edən xırdazərrəcikli sumbata kağızı ilə liflərin uzunu boyu yerinə yetirilir. Keyfiyyətli cilalanmış səth tamamilə hamar, təmiz görünüşə malik və əl ilə yoxladıqda ipək kimi olmalıdır.
Cilalanmış səth lakla örtülməyə hazır deyil, belə ki, onun üzərində oduncaqdan laylarla ayrılan kiçik liflər - oduncaq xovları vardır.