Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sahibkarlıq hüquqi şəxs və ya bilavasitə fiziki şəxs (fərdi sahibkar) tərəfindən yalnız onlar qanunauyğun qeydiyyatdan keçdikdən sonra həyata keçirilə bilər.
Sahibkarlıq bazar iqtisadiyyatının vacib hissəsidir. Bəzən sahibkarlıq və biznes sinonim1 sözlər kimi istifadə olunur.
Biznes (ingiliscə business - «iş», «müəssisə») gəlir və ya başqa şəxsi mənfəət əldə etməyə istiqamətlənmiş peşə fəaliyyətidir.
Sahibkarlıq fəaliyyətinin effektivliyi nəinki gəlirlərin miqdarı ilə, həm də müəssisənin qiymətinin (müəssisənin bazar qiymətinin) dəyişməsi ilə dəyərləndirilə bilər.
«Risk şəraitində fəaliyyət göstərən insan» mənasını verən «sahibkar» termini XVIII əsrdə tətbiq edilmişdir.
Bu gün sahibkarlıq fəaliyyəti və şəxsi biznesi ilə məşğul olan şəxs, biznesin təşkili və idarə edilməsi riskini öz üzərinə götürən adamdır.
Ailədə sahibkarlıq fəaliyyəti ilə tanış olmaq üçün sxem 2-yə diqqət yetirək.
Sxem 2. Ailədə sahibkarlıq
Fərdi sahibkar fiziki şəxs (vətəndaş) hesab olunur və o, işi şəxsən özü öz hesabına və şəxsi riski hesabına görür, təsərrüfat qərarlarını müstəqil çıxarır. Fərdi sahibkar öz fəaliyyətinin nəticələrinə şəxsən tam məsuliyyət daşıyır. Bu o deməkdir ki, borc yarandığı halda sahibkar onu öz əmlakı ilə ödəyir. Belə sahibkarlıq fərdi sahibkarlıq fəaliyyəti kimi təsnif edilir və yerli icra hakimiyyətlərində patent2 əsasında qeydiyyatdan keçir. Sahibkar fiziki şəxs kimi vergi ödəyir.
Lakin sahibkar əlavə işçi qüvvəsi cəlb edərkən fərdi (ailəvi) şəxsi müəssisəsini qeyd etdirə bilər. Bunun üçün müəssisənin məqsədini və fəaliyyətinin növlərini əks etdirən nizamnamə təqdim olunmalıdır. Bundan ötrü müəssisələr üçün vergi ödəmə sistemi mövcuddur və əmlak məsuliyyəti yalnız verilmiş müəssisənin kapitalına aid olur.
Fərdi sahibkar sahibkarlıq fəaliyyətində şəxsi əmlakından və müqavilə üzrə digər şəxslərin əmlakından istifadə edə bilər. O, borca pul götürə bilər, banklardan, digər təşkilatlardan və ya şəxsi adamlardan kredit ala bilər.
Fərdi sahibkar vergiləri ödədikdən sonra qalan gəlirini müstəqil olaraq paylaşa bilər.
1Sinonim — mənaca yaxın olan sözlər
2Patent — ticarət və ya sənətlə məşğul olmaq üçün şəhadətnamə