Düyünün bişirilmə texnologiyası nədən ibarətdir? |
Düyü plovun əsasını və onun həcminin yarısından çoxunu təşkil edir. Elə ona görə də plovun dadı düyünün növündən və onun hazırlanma texnologiyasından çox asılıdır. Azərbaycan mətbəxində düyünün düzgün bişirilmə texnologiyası düyülərin bütöv (dən-dən) qalmasından, bişirilmə zamanı yalnız yüngülcə və eyni bərabərdə şişməsindən ibarətdir.
Azərbaycanlılar plovu xüsusi texnoloji üsulla - düyünü yarımhazır olana qədər bişirib dəmə qoymaqla hazırlayırlar. İlk mərhələdə düyü arıdılır. Plov üçün bütöv, xırdasız və uzun düyü seçilməlidir. İkinci mərhələ düyünün yuyulması və isladılmasıdır. Düyü suyu şəffaf olanadək yuyulur və ilıq suda 7-8 saat isladılır. İslatmaq üçün suya 3 xörək qaşığı duz əlavə edilməlidir.
Plovun hazırlanmasının üçüncü mərhələsi düyünün qaynadılmasıdır. Düyü duzlu suda bişirilir. 1 kq düyü üçün 6 litr su və 50 qram duz götürülür. Əvvəlcədən isladılmış düyünün suyu süzülür, qaynayan duzlu suya əlavə edilir (şəkil 2) və qazana yapışmasın deyə kəfkirlə bir neçə dəfə qarışdırılır. Qaynama zamanı suyun üzərində əmələ gələn kəf yığılır. Bir qədər qaynadıqdan sonra kəfkirlə bir neçə dənə düyü götürülür, iki barmaq arasında əzilir. Əgər düyünün içi az da olsa, əzilirsə, düyü süzülür.