25-ci |
MÜXTƏLİF NÖV PLOVLARIN
|
Plov Azərbaycan mətbəxinin şah xörəyi hesab edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan mətbəxində xörəklər ta qədimdən mis qablarda hazırlanırdı, indi də bir çox bölgələrdə mis qab-qacaqdan (qazan, aşsüzən, tas, məcməyi, kəfkir, çömçə və s.) geniş istifadə edilir (şəkil 1). Mis qazanda dəmə qoyulmuş plov da öz ləzzəti ilə seçilir.
Şəkil 1. Milli mətbəximizin əşyaları: 1) qazan; 2) aşsüzən;
3) tas; 4) məcməyi; 5) kəfkir; 6) çömçə
Azərbaycan mətbəxində plovun 100-dən çox çeşidi və hazırlanma üsulu məlumdur. Plovlar ət, quş əti, balıq, meyvə, paxla və s. ilə hazırlanır. Növündən və tərkibindən asılı olaraq, plova müəyyən adlar verilir: qovurmaplov (qoyun əti ilə), səbziqovurmaplov (qoyun əti və göyərti ilə), şirinplov (şirin quru meyvələr ilə), çığırtmaplov (toyuq ilə), südlüplov (düyünü süddə bişirməklə) və s.
Orta Asiya xalqlarının plovlarından fərqli olaraq, Azərbaycan plovu üçün düyü digər komponentlərdən (“aşqarası” adlanan ət, balıq, yumurta, quru meyvə, göyərti və s.) ayrı dəmlənir. Plovun qarası (ət və meyvə hissəsi) tamamilə ayrı boşqabda süfrəyə verilir.