8. Sousun hazırlanması. Dolma zövqə uyğun, sarımsaqlı və ya adi qatıqla yeyilir. Sarımsaq-qatıq üçün sarımsaq təmizlənir, xırda doğranır, əzilir və qatığa əlavə edilir. Yaxşı olar ki, sarımsaq-qatıq soyuducuda 2-4 saat soyudulsun. Dolma süfrəyə sarımsaq-qatıqla birlikdə verilir (şəkil 7).
Qeyd etmək lazımdır ki, dolma məşhur olduğu ölkələrdə üzüm yarpaqları qışa tədarük edilir. Keyfiyyətli məhsullardan və məharətlə bişirilmiş dolma gündəlik və bayram süfrələrinin ən sevimli xörəklərindən biridir.
Badımcan, pomidor və bibər dolması
Resurslar: 6 ədəd badımcan, 6 ədəd pomidor, 6 ədəd şirin bibər, 500 q çəkilmiş yağlı qoyun əti, 2 xörək qaşığı kərə yağı, 3 ədəd baş soğan, reyhan, duz və zövqə görə qara istiot.
Hazırlanma texnologiyası:
1. Doğranmış soğan və çəkilmiş ət yağ tökülmüş tavada bişirilir. Duz, istiot qaynayıb suyu çəkilmiş ətə əlavə edilir və bir qədər qovrulur. Sonda üzərinə doğranmış reyhan əlavə edilir (şəkil 8).
2. Pomidorun və şirin bibərin üst qapağı yarı kəsilir və içi təmizlənir. Pomidorun çıxarılmış iç hissəsini atmırıq (şəkil 9).
3. Badımcanlar uzununa kəsilir, içi çıxardılır. Qaynayan suda 5 dəqiqə pörtlədilir, soyuyandan sonra suyu sıxılır (şəkil 10).
4. Hazırlanmış tərəvəzlər içlik ilə doldurulur və dibi geniş tavaya elə yığılır ki, rahat yerləşsinlər və əzilməsinlər.