2. Tikiş maşınında yerinə yetirilmiş ilməkləmə tikişi əllə yerinə yetirilən hörmələmə tikişi ilə bərpa edilir (şəkil 6).
3. Əgər astar hissədən (astarlı məmulatlarda) sökülmüş tikişi bərpa etmək mümkün deyilsə, bu zaman məmulatın düz üzündən iç tərəfə tikiş atılır (şəkil 7). Bunun üçün astarın sökülmüş tikişi məmulatın qatlama yerinə yerləşdirilir, sap astar tərəfdə bərkidilib üz hissəyə tikilən parçanın 2—3 sapı uzunluqda qoyulur.
Şəkil 7. Tikişin altdan və ya iç tərəfdən tikişlə bərpası
Sonra birinci detalın astar hissəsindən 7—10 mm uzunluqda tikiş atılır və bu qaydada davam etdirilir. Beləliklə, bir detalda astar, ikincidə isə qısa üz tikişləri yerləşdirilir.
Paltonun, pencəyin, jaketin sökülən yan tikişini bərpa etmək üçün məmulatın astarının yan tikişi sökülməlidir. Tikiş 2,5—3,5 sm sökülərsə, əl ilə bərpa edilir. Sökülən hissənin uzunluğu 3,5 sm-dən artıqdırsa, detalların kənarları cütləşdirilir, təbaşirlə nişanlanır, köklənir və tikiş maşınında elə tikilir ki, köhnə tikiş xəttinin dəqiq davamı olsun. Sonra kök tikişləri sökülür, ütülənir, astarın ətəkləri cütləşdirilir və yuxarının yan tikişinə bənd edilir. Kürəyin astarı ətəyin astarına əl ilə gizli tikişlə birləşdirilir.
Qol yeri tikişinin bərpa edilməsi üçün qolun astarı sökülür, sonra astar qol yeri tikişindən aralanır və qolun sökülmüş hissəsi qoyulub nişanlanır. Nişanlanmış hissə qol yerinə əl tikişi ilə birləşdirilir. Bərpa tikişi sökülən tikişin izi ilə aparılır. Hər 1 santimetrə 4—5 tikiş atılır. Sonra kökləmə tikişi ilə astarın kürək hissəsi yerinə oturdulur. Tikiş ütülənib qaydaya salınır. Qolun astarı gizli tikişlə qol yerinə bərkidilir.
Qol kənarı astarın bərpa edilməsi. Qol kənarı astar hissənin bərpa işinə başlayarkən astar qolun yuxarı hissəsinə köklənir, sonra isə qolun aşağısında astar sökülür. Astarın sürtülüb didilmiş hissəsi 10—12 sm uzunluqda kəsilir. Kəsilmiş hissədən tikişlər sökülür. Sonra bu hissələrin ülgüsü çıxardılır. Hər tikiş payı üçün 2 sm artıq götürülür. Yeni kəsilmiş hissələr qolun astarının yuxarı və aşağı tərəflərinə 1 sm enində tikişlə bərkidilir.