PRAKTİK İŞ |
Alta salınan yamaqla bərpa işlərinin yerinə yetirilməsi
Resurslar: nümunə və yamaq üçün parçalar, tikiş sapları, iynə, qayçı, ütü, dəftər
Alta salınan yamaqla bərpa işini yerinə yetirin (şəkil 4).
1. Zədələnmiş yeri oval, yaxud düzbucaq şəklində kəsin (şəkil 4 (1)).
2. Düzünə olan sapın istiqamətini təyin edin.
3. Kəsik tərəfləri məmulatın tərs tərəfinə qatlayın, sonra kökləyin.
4. Yamaq üçün nəzərdə tutulmuş parçanın düzünə istiqamətlənmiş sapını təyin edin. Unutmayın, yamağı nişanlayıb sonra kəsmək lazımdır. Çünki onun ölçüləri dəliyin ölçülərindən iki dəfə böyük olmalıdır (şəkil 4 (2)).
5. Yamağın kəsik tərəflərini tərsinə qatlayıb kökləyin.
6. Yamağın üz tərəfini məmulatın tərs tərəfinə qoyub kökləyin (şəkil 4 (3)).
Şəkil 4. Alta salınan yamaqla bərpa işlərinin yerinə yetirilməsi
7. Yamağı məmulata tərs tərəfindən xırda çəpinə sırıma ilə tikin.
8. Qatlanmış qıraqları üz tərəfdən yamağa kökləyin. Xırda çəpinə sırıma ilə tikin (şəkil 4 (4)).
9. Kökləmə saplarını kəsib çıxardın (şəkil 4 (5)).
10. Yamağı ütüləyin.
11. Nümunəni dəftərinizə yapışdırın.
İşə nəzarət
1. Məmulatın və yamağın cizgi elementləri və sapın düzünə istiqamətlənməsi üst-üstə düşür.
2. Tikişlər düzdür.
3. Əl sırımaları səliqəli yerinə yetirilib.
4. Salınmış yamaq məmulatı büzmür.
5. Yamaqda və məmulatda nəm-isti emaldan sonra qırışlar əmələ gəlməyib.