Muzey və sərgilərdə davranış qaydaları:
- Muzeyə gələn ziyarətçi eksponatlara baxmazdan əvvəl müəyyən qaydalara əməl etməlidir. Məsələn, üst geyimini və ağır əşyalarını (çanta, portfel, paket və s.)
qarderoba1 təhvil verməlidir.
- Böyük muzeylərdə və sərgilərdə sərbəst hərəkət edə bilmək üçün xüsusi bələdçi
kataloqları2 əldə edin. Bir dəfə ziyarət etməklə eksponatların hamısını görməyə can atmayın. Yaxşı olar ki, müəyyən bir zalı seçib, onun eksponatları ilə diqqətlə tanış olasınız. Muzeyin digər eksponatlarına isə başqa vaxt gəlib rahat baxa bilərsiniz.
- Muzeydə səssiz hərəkət edin. Ucadan danışmayın, audiotexniki vasitələrdən istifadə etməyin, musiqi dinləməyin.
- Gördüklərinizi ucadan müzakirə etməyin, əsərlərin və ya müəllifin ünvanına tənqidi fikirlər deməyin. Əsərin tarixi və müəllifi haqqında məlumat verən muzey bələdçisini diqqətlə dinləyin. Hansısa bir sənət əsəri haqqında fikir mübadiləsi apararkən ətrafdakıları narahat etməməyə çalışın.
- Hər hansı bir eksponatla tanış olmaq üçün başqalarının önünə keçməyin. Onların baxıb qurtarmasını və yerin boşalmasını gözləyin.
- Muzeydə və ya sərgilərdə müəyyən olunmuş sərhədi keçməyin, eksponatlara əl ilə toxunmayın.
- Güclü işıq effekti olan fotoaparatla şəkil çəkməyin.
Teatr-baxış müəssisələrində ünsiyyət və intizam qaydaları:
- Teatra vaxtında gəlin. 3-cü zəngdən sonra tamaşa zalına giriş üçün mübahisə etməyin.
- Tamaşa zalında video, audio və fotoçəkilişlər etməyin. Bu hərəkətlər tamaşaçıların rahatlığını, tamaşanın gedişini pozur, aktyorların işinə mane olur, onların diqqətini yayındırır.
- Tamaşa başlamazdan əvvəl mobil telefonunuzu söndürün.
- Üst geyimlərinizi və ağır çantalarınızı qarderoba təhvil verin.
- Öz yerinizə sıraların arası ilə üzü oturan tamaşaçılara tərəf olmaqla keçin.
- Əgər tamaşa zalında yerinizi tutmusunuzsa, yerinə keçmək istəyənlərə ayaq üstə qalxmaqla yol verin.
1 Qarderob - paltar saxlanılan yer, paltar dolabı
2 Kataloq - eyni əşyaların (kitab, eksponat, mal və s.) müəyyən sistem üzrə düzəldilmiş siyahısı