Bədii gözəmə — geyim bərpasının xüsusi, çox zəhmət tələb edən və olduqca zərif bir növüdür. Çətin sənət olduğu üçün bədii gözəməni bacaran mütəxəssislər azdır.
Geyimin hazırlandığı parçanın bədii gözəməsi nədən ibarətdir? |
Geyimin əl ilə gözəməsi zamanı usta parçanın zədələnmiş fraqmentini yenidən yaradır. Bunun üçün bərpa edilən parçaya tam uyğun gələn saplardan istifadə edilir. Əgər belə sapları tapmaq qeyri-mümkündürsə, onlar paltarın gözə görünməyən hissəsindən götürülür. Beləliklə, parçanın rəngi, teksturası və cizgi elementləri bərpa edilir (şəkil 2).
Şəkil 2. Parçanın bədii gözəmə ilə rənginin, teksturasının və
cizgi elementlərinin bərpası
Zədələnmiş geyimin gözəməsini yalnız gözəməçi-usta yerinə yetirə bilər. Geyimin zədələnməsindən xəbəri olmayan insan nə qədər diqqətlə baxsa, mahir gözəməçi-ustanın işini ayırd edə bilməz.
Əgər geyimin cırılmış və yaxud deşilmiş hissəsi çox böyükdürsə, bu qüsuru gözəmə ilə bərpa etmək mümkün olmur. Bu zaman zədələnmiş hissəyə yamaq salınır. Yamaqlar alta və üstə salınmış olur. Yamağın cizgi elementləri və sapın düzünə istiqaməti məmulatın parçasında olduğu kimi olmalıdır.
Alta salınan yamaqlar o zaman istifadə olunur ki, geyimin cırılmış hissəsi çox da iri olmur və onun altdan bərpası mümkündür. Bəzən parçanın cırılması elə yerdən baş verir ki, ora altdan yamaq salmaq olmur, çünki bu halda məmulatın bayırdan görünüşü korlana bilər. Belə hallarda üstdən salınmış yamaqlardan istifadə edilir. Belə yamağın forma və rəngi bərpaçı ustanın şəxsi istəyinə görə seçilir.
Bəzən insanın uzun müddət geyindiyi sevimli paltarı elə yerdən cırılır ki, onu tikmək mümkün deyil, tullamağa isə əli gəlmir.