22-ci |
GEYİMİN BƏRPA
|
Müxtəlif parçalardan tikilmiş geyimin insan həyatında əhəmiyyəti böyükdür. Geyim insanı gözəlləşdirir, onu soyuqdan və istidən qoruyur, bədəninin qüsurlarını gizlədir. İnsanı geyimsiz təsəvvür etmək qeyri-mümkündür, çünki gəzməyə və işə gedəndə, idmanla məşğul olanda, dincələndə və hətta yatanda da insan müxtəlif geyim növlərindən istifadə edir. Geyindiyimiz paltarların uzunmüddətli istifadəsi üçün onlara düzgün qulluq etmək lazımdır.
Geyimin uzunömürlülüyü, əsasən, insanın səliqəli olmasından asılıdır. Lakin sahibi nə qədər səliqəli olsa da, bəzən paltarın tikişi sökülə, ehtiyatsızlıqdan cırıla, ya da uzunmüddətli istifadə nəticəsində sürtülüb yırtıla bilər. Belə olan halda yaranan qüsurları aradan qaldırmağı bacarmalısınız ki, məmulatı bərpa etdikdən sonra da o, istifadəyə yararlı olsun. Geyimdə ən çox qolların dirsək, şalvarın ətək və diz hissələri, ciblərin kənarları mexaniki təsirə məruz qalır. Hər bir halda geyim çox səliqə və keyfiyyətlə bərpa edilməlidir. Bunun üçün geyimin bərpa edilməsinin əsas üsullarını bilməliyik.
Geyimin bərpası necə yerinə yetirilir? |
Əgər paltarda kiçik bir yarıq yaranıbsa, onu gözəmə üsulundan istifadə etməklə bərpa etmək olar (şəkil 1). Yarığın kənarlarını kəsib, kontur üzrə bir neçə cərgə düz sırıqlarla tikir və sapları bir-birinə keçirərək əvvəlcə düzünə, sonra isə çəpinə istiqamətdə doldururlar.
Şəkil 1. Geyimin bərpasının gözəmə üsulu ilə yerinə yetirilməsi