RƏSSAM və GEYİM. Rəssamın geyim üzərində işi eskizdən başlayır. Belə ki, personajın obrazının səciyyəvi xüsusiyyətləri artıq eskizdə dəqiqləşdirilməlidir. Geyimin eskizləri tamaşanın səhnəqrafiyası ilə eyni üslubda cızılır. Hər personajın geyimi tamaşanın bütün aktyorları üçün vahid bir üslubda nəzərə alınaraq yaradılır.
Rəssamın düşündüyü geyim yalnız aktyorun səhnədə oyunu zamanı məna daşıyır. Aktyorun geyimdə davranışı, hərəkət etməsi, geyimin zahiri və daxili baxımdan yaddaqalan obrazın yaradılmasında ona necə kömək etməsi - rəssamın işinin uğurlu alınmasına sübutdur.
RƏSSAM-AKTYOR-QRİM.
Səhnədə dekorasiyalar qurulsa da, işıqlar gur yansa da, musiqi səslənsə də, aktyor yoxdursa, deməli, tamaşa da yoxdur. Aktyor teatr sənətinin təməlidir, məhz onun sayəsində pyesin mətni və dekorasiyalar canlanır, rejissor və rəssamın düşüncələri öz təcəssümünü tapır. Aktyorun öz qəhrəmanına çevrilməsi teatr sənətinin mahiyyəti və məğzidir.
Səhnədə baş verənlərin bizdə yaratdığı bədii təəssürat, əsasən, aktyorun sayəsində yaranır. Aktyorluq sənəti rəsmdən daha çox, heykələ - plastika sənətinə yaxındır. Obrazlı desək, aktyorlar öz forma və məğzini hər zaman dəyişən “canlı heykəllər”dir. Heykəlin obrazlı ifadəsi ilə aktyorun səhnə hərəkəti insan vücudunun plastikasının eyni dilində danışır. Aktyor da rəssam kimidir: öz plastikasının canlı və dinamik heykəl forması ilə tamaşanın görünən simasını yaradır.