Onun yaradıcılığı dizayn, memarlıq, rəngkarlıq, müxtəlif texnologiya, ən başlıcası isə kompozisiya sahəsində bilik və vərdişlər tələb edir. Teatr rəssamı bir çox yaradıcı və peşə vəzifələrini - geyim və qrimi yaratmağı, əsərdə baş verən hadisələri səhnədə təcəssüm etdirməyi, işığın haradan düşəcəyini və necə təsir göstərəcəyini müəyyənləşdirməyi bacarmalıdır.
Teatrda səhnələrin müxtəlif üslublarda tərtibatı
Yaradıcılığında öz qanunlarını tətbiq edən rəngkar-rəssamdan fərqli olaraq teatr rəssamı, ilk növbədə, rejissorun təklif etdiyi ideyaları həyata keçirməlidir.
Əsərin səhnə həllinə bu və ya digər əşyalar daxil ola bilər, amma o bizi əhatə edən gerçəkliklə eyni olmayacaq. Səhnə aləmi şərti və obrazlıdır.
Teatrda müxtəlif profilli rəssamlar işləyir: quruluşçu rəssam, rəssam-texnoloq, işıq üzrə rəssam, geyim üzrə rəssam.
Azərbaycan teatr-dekor sənəti zəngin tarixə malikdir. Teatrla rəssamlıq sənətini birləşdirən bu klassik sənət sahəsi milli mədəniyyətimizin mühüm qaynaqlarından birini təşkil edir.
Milli teatr-dekor sənətinin təməl daşlarını Əli bəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz Kəngərli qoymuşlar. Rüstəm Mustafayev, Qəzənfər Xalıqov, Nüsrət Fətullayev, Sadıq Şərifzadə, Bədurə Əfqanlı, İsmayıl Axundov kimi teatr rəssamlarımız səhnəqrafiyanın inkişafında xüsusi rol oynamışlar.
Milli teatr-dekor sənətimizi dahi sənətkarlarımız Əyyub Fətəliyev, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov və başqaları da inkişaf etdirmişlər. Bu gün Nazim Bəykişiyev və Tahir Tahirov kimi sənətdə öz sözünü demiş rəssamlarımız səhnəqrafiya sahəsində çalışırlar.
Azərbaycanda peşəkar teatr sənətinin yarandığı dövrlərdə səhnəqrafiya ilk addımlarını atırdı. Rəssamlar səhnə sənətinin ictimai məzmununun əhəmiyyətini yaxşı başa düşür və tamaşaların tərtibatında milli xüsusiyyətləri əks etdirməyə çalışırdılar.