Pol Sezann yaradıcılığını bir neçə mərhələyə bölmək olar.
ROMANTİK DÖVR (1860-1872)
Sezanmn erkən yaradıcılığında tünd, dolğun qara rənglər üstünlük təşkil edirdi. Rəssam öz duyğu, hiss və bədbin fikirlərini ifadə etməyə cəhd göstərirdi. İlk zamanlar Sezann rəng, işıq, forma və yaxmalarla mükəmməl işləyə bilmədiyi üçün fikirlərini sona qədər ifadə etməkdə çətinlik çəkirdi. Onun həmin vaxtlar yaratdığı əsərlərdə deformasiyaya uğramış fiqurlar qeyri-sabit tarazlığı ilə fərqlənirdi.
“Piano çalan qız”. 1868. Rəssamın bacısı Mari və anasının portreti. Ermitaj. Sankt-Peterburq, Rusiya
İMPRESSİONİST DÖVR
(1872-1879)
Bu dövrdə Sezann impressionistlərin yaradıcılığı ilə tanış olur, onun əsərlərində rəngin təravəti, keçidlərin yumşaqlığı hiss olunur. Bu dövr üçün işıq-hava mühitinin zərif keçidi və daha işıqlı rəng qamması xarakterikdir. Onun yaradıcılığında mənzərə və çiçəkli natürmortlar əsas janra çevrilir. Əşyaların yerləşməsi baxımından əsərlər hələ qəliz deyildir. Onlarda rəssamın öz bənzərsiz rəng çalarlarını - tünd göyümtül-mavi və sarımtıl-narıncının uyğunluğunu görmək mümkündür.
KONSTRUKTİV DÖVR
(1879-1888)
Sezann yaradıcılığının kamilliyi ilə seçilən bu dövr sənətkarlıq zirvəsi olub iri formaların və ciddi kompozisiyaların harmonik uyğunluğu ilə fərqlənir. Bu onun rəngkarlığın dahi qurucularından biri olmasını şərtləndirmişdir. Sezann öz əsərlərində həndəsi formalardan daha çox istifadə edir və harmoniyanın məğzini vurğulayırdı.