Fərhad Xəlilovun Abşerona həsr olunmuş əsərlərində həyat eşqi ilə dolu, rəng və məkanın, ritm və hərəkətin müasir ümumiləşdirilmiş yozumunu görmək mümkündür. Onun seçdiyi rənglər dolğun, tutumlu, lakonik biçimdədir. Təsvir daha çox frontal olmaqla dərinliyə doğru açılır. Rəssam əsərlərində süni detallardan qaçaraq inandırıcı dolğunluqla obrazın səciyyəsini açır.
F.Xəlilovun yaradıcılığında rəngin mühüm rolu var: dəniz yaşıl, səma göy, yetişmiş nar qırmızı və qonur rəngdədir. Rəssam çalışır ki, rəng naturanı təkrarlamasın, əksinə, psixoloji, dərin, bədii anlam kəsb etsin. Bu, rəssamın qəlbindən keçən obrazın rəngi, təbii boyalardır. Əsərlərinin ölçüsünün böyük olması isə onun Abşeronun çoxcəhətli obrazlı panoramını yaratmağa səy göstərməsinin nəticəsidir. Rəssam sevdiyi mənzərədə əbədiliyi, daimiliyi, sabitliyi axtarır və tapır.
O, milli və dünya incəsənəti ənənələrini dərindən dərk edib. Azərbaycanda və dünyanın müxtəlif guşələrinə səyahət zamanı görüb öyrəndiyi və sevdiyi hər şeyi kətan üzərində əks etdirməyi bacarıb. Fərhad Xəlilov öz dəstxətini, öz üslubunu, öz tərzini tapmış sənətkarlardandır.
Fərhad Xəlilovun yetkin yaradıcılığı - 1970-ci illərdən başlayaraq hazırkı vaxtadək rəngkarlıq xüsusiyyətlərini özündə əks etdirən inkişafa meyllilikdir. Lakin şərti olaraq onu iki mərhələyə ayırmaq olar.