FƏRHAD XƏLİLOV: ABŞERON MOTİVLƏRİ
Mücərrəd yaradıcılığın realizmdən fərqli olan cəhətlərini izah edin.
Rəssamlar abstrakt mənzərə təsvirlərinin ifadəsində hansı elementlərdən istifadə etmişlər?
Tanış olun
Azərbaycan milli incəsənətinin müasir rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlarımızdan biri də Fərhad Xəlilovdur. Öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, fərdi ifadə üslubu onu başqalarından fərqləndirir. Rəssamın əsərləri yaşadığı mühit çərçivəsində, eləcə də Qafqaz regionunda unikal hesab edilir.
Fərhad Xəlilov çoxillik axtarışlarının nəticəsi olaraq özünəməxsus bədii üslubunu yaratmışdır. Onun yaratdığı üslub - şərti-fəlsəfi bədii formalar üslubudur. Rəssam daha cəsarətli və kəskin ümumiləşdirmə yolu ilə gedir: onun əsərlərində dağ elə dağdır, tikililər isə - onlardan doğan təəssürat, obrazdır. Rəssam əşyanın zahiri formasını hansısa güclü, gərgin hiss ilə əlaqələndirməyi bacarıb. Onun sənətində olan simvolika düşündürücü forma üslublarında öz əksini tapmışdır.
Rəssamın Abşeron mənzərələri - ona doğma olan Azərbaycan məkanlarıdır. Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Abşeron yarımadasının yaşayış məntəqələri - Nardaran, Buzovna, Zuğulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər.