O, ağ-qara cizgilərdə olan işlərə azacıq rəng ovqatı qatmaqla əsərlərin bədii-psixoloji təsir gücünü artırır və daha təsirli ifadə vasitələri axtarırdı. Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib. Onun Nəsimi, Gəncəvi, Füzuli, Sabir, Cavid, Səməd Vurğun, Rəsul Rza və digər klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının1 ən gözəl nümunəsi sayılır.
Arif Hüseynov xalqımızın həyatı və adət-ənənələrini Azərbaycan nağılları və folkloru baxımından aydın və maraqlı, yumor və fantaziya ilə əks etdirən rəngkarlıq və qrafika əsərləri yaratmışıdr. Bənzərsiz nağıl xəzinəsini hər kəs uşaqlıqdan sevir və bilir. O zamanlar xəyalda canlanan əşyalar, danışan heyvanlar və quşlar, qəhrəmanların igidlikləri oxucunu zəngin sehrə salırdı. Rəssamın öz təxəyyülü cadugərlərin, divlərin, hiyləgər vəzirlərin və qəddar hökmdarların, olduqca gözəl qəhrəmanların görünüşünü tamamlayır. Nağıllar rəssamlar üçün yalnız illüstrasiyalarda deyil, hətta nəqqaşlıqda, qrafikada, kinematoqrafiyada və digər incəsənət növlərində də həyata keçirilən obraz və ideyaların tükənməz mənbəyi olaraq qalmaqdadır.
Əsərlərdə əks olunan nağılların koloriti detallarla zəngindir. Arif Hüseynov nağılların təsvirinə fərqli yanaşır.
1Dəzgah qrafikası - təsviri sənətin qrafika növünün inkişaf sahəsi, molbert üzərində yaradılan qrafik əsərlərdir. Onların yaradılmasında tuş, qara quaş, karandaş, kömürdən istifadə edilir.