Ustad yaratdığı büstlərdə modelin xırda təfərrüatlarına varmayaraq insan hislərini qabartmağa üstünlük verir. Onun heykəllərində insan taleyi və həyəcanı öz plastik həllini tapmışdır. O, uzun və asan olmayan tale yaşamış zəhmət adamlarının obrazlarına müraciət edir və bu obrazları yaratmaqla insansevərliyini vurğulayır.
“Neftçi” əsərində möhkəm vücudlu və qüvvətli Bakı neftçisinin sərbəst duruşunda daxili bir gərginlik duyulur. Fəhlənin həyat eşqi ilə dolu olan siması tamaşaçını cəlb edir.
F.Nəcəfovun 1970-1980-ci illərdə ərsəyə gətirdiyi istənilən əsərdə gizli məna, emosional coşqunluq özünü büruzə verirdi. F.Nəcəfovun sonrakı fəaliyyəti üçün olduqca əhəmiyyətli olan mərhələ - bir-birinə sıxılmış insan motividir. Bütün bunları “Köhnə Bakı motivləri” adlı böyük silsilədə, habelə öz lakonizmi ilə heyran edən “Əks-səda dövrü” kompozisiyasında görmək mümkündür. Oxşar, bir-birinə bənzəyən insan fiqurları sanki kub formalı həcmin içinə yerləşdirilib. Sərt baxışlı, diz çökmüş halda olan bu fiqurlar elə bil susacaqlarına dair söz vermişlər.
Fazil Nəcəfovun əsərlərində monumentallıq, bütövlük, həcm yığcamlığı, plastiklik, sərbəst fikrin ifadəsi öz əksini tapır. O həmçinin əla rəsm çəkməyi bacarır. Bu baxımdan ustadın yaradıcılığının başqa bir önəmli cəhəti onun son dərəcə ifadəli rəsmlərində, plastik xətlərində üzə çıxır.
Rəsm təsviri sənətin əsasını təşkil edir. Bu mənada Fazil Nəcəfovun qrafik rəsmləri, demək olar ki, onun yaradıcılıq axtarışlarının bəhrəsidir.