Heykəltəraş xüsusi qayğı və məhəbbətlə rəssamın portretinə müraciət etmiş, onu iki dəfə ağacdan yonmuş və tuncda həkk etdirmişdir. Bakının Əmircan qəsəbəsində qoyulan S.Bəhlulzadənin qəbirüstü heykəlində məkan, kompozisiya, dinamika, obraz bir-birini çox gözəl tamamlayır.
Sənətkarın xüsusi təsir bağışladığı əsərlərindən biri də “Zamanın dörd rəngi”dir. Müəllif burada son dərəcə fəlsəfi və etik problemləri həll edir. O, müxtəlif çalarlı dörd qoz ağacını fərqli yaşda olan qadınlara müvafiq vəziyyətdə yonmuşdur. Qızın, gənc, yaşlı və qoca qadının hərəkətləri ilin fəsillərinə uyğundur. Fiqurları nəzərdən keçirdikdə plastikanın gözəlliyi, həyat fəlsəfəsi onun məkanla vəhdəti təəssüratlarımızı daha da zənginləşdirir.