İnsanların həyatındakı romantikaya və dinamikaya meyil, qəhrəmanların daxili vəziyyəti, onların qəhrəmanlıq mübarizəsindən doğan duyğuları - bütün bunlar müəllif düşüncəsinin dərinliyini, onun humanist istiqamətini xarakterizə edən cəhətlərdir.
Ustad lirik və vətənpərvərlik ruhunda olan obrazların bədii həllində etik prinsipləri önə çəkir. Bu, Hüseyn Cavidə həsr olunmuş heykəltəraşlıq ansamblında qabarıq hiss olunur. Cavidin pyeslərinin ideyasını ön plana çəkən Ö.Eldarov heykəldə dramaturqun əyilməz ruhunu təcəssüm etmişdir. Heykəltəraş şairi yüksək mənəvi, yaradıcı düşüncələrə daldığı anda təsvir etmişdir. Əsərin memarlıq-kompozisiya həlli bu güclü, mürəkkəb və yaradıcı ehtiraslı şəxsiyyətin obrazını açmağa yönəlmişdir.
Lirik, qəhrəmanlıq mövzusu onun bütün yaradıcılığını müşayiət edir. Portretlər, büstlər, heykəllər - hər birinin psixoloji təsiri çox güclüdür.
Ömər Eldarov böyük rəssam Səttar Bəhlulzadənin abidəsinə də fəlsəfi-romantik yanaşmışdır. Bu obraz dahinin yaradıcı ruhunun təcəssümüdür.