ÖMƏR ELDAROV: GÖZƏLLİK və HARMONİYA
Heykəltəraşlıqda insan gözəlliyinin və hislərinin tərənnümü rəssamdan hansı bacarıqları tələb edir?
Heykəltəraşlıq nədir və onun hansı növləri var? Heykəltəraşlıqda əsas ifadə vasitələrini sadalayın.
Tanış olun
Öz zəngin daxili aləmi olan görkəmli heykəltəraş Ömər Eldarov unudulmaz obrazlar yaratmış dahi şəxsiyyətdir.
İradə və zəriflik, improvizasiya və kamillik, dərinlik və duymaq bacarığı Ömər Eldarov yaradıcılığını müşayiət edən başlıca səciyyəvi xüsusiyyətlərdir. Onun yaradıcılığının ölkəmizin bədii mühitinə təsirini qiymətləndirməmək olmaz: heykəltəraşın əsərlərində daxili məzmunla formanın harmoniyası insanı qeyri-ixtiyari düşünməyə sövq edir.
Ömər Eldarovun yaratdığı heykəllər öz dinamikliyi ilə daim diqqəti cəlb edir. Onun xarakterinə xas olan cəsurluq, nikbinlik və mənəvi məsuliyyət sənətkarın yaradıcılığında, xüsusən obrazların bədii ifadəsində təcəssüm olunur.
Ö.Eldarov şairə Natəvan obrazına bir neçə dəfə müraciət etmişdir. Zəngin geyinmiş, ampir üslubunda olan kresloda oturmuş zadəgan qadının tunc heykəli harmoniyanın və incə zövqün ən yüksək təzahürünün nümunəsi kimi bu gün də paytaxtımızın mərkəzi meydanını bəzəyir.