Tələbəlik illərində sənətlə bağlı o dövrdə qəbul olunmuş tədris sistemi istedadlı gənc rəssamı qane etmirdi. Çünki keçmiş Sovet ittifaqındakı bədii təhsilin mühüm hissəsini təşkil edən sosializm realizminin ehkamları M.Mircavadova yad idi.
Rəssam Sezannın əsərlərini Ermitajda görmək arzusunda idi. O illərdə Sovet ittifaqında impressionist və postimpressionistlərin yaradıcılığı qadağan edilmişdi. Lakin M.Mircavadov Leninqrada (indiki Sankt-Peterburq) gedir və Dövlət Ermitajında onu maraqlandıran bütün kolleksiyaya baxmağa nail olur. Sənətə vurğunluğu onu Ermitajda adi fəhlə işləməyə vadar edir. Rəssam El Qrekonun, Rembrandtın əsərlərindən çox şey öyrənir, surətlərini çıxarır, orijinalını ətraflı tədqiq edir. Sezannın və van Qoqun qadağan edilmiş əsərləri Mircavad üçün əsl məktəb olur.
Leninqrad Antropologiya və Etnoqrafiya Muzeyindəki kolleksiyalarla tanışlığı rəssamda güclü yaradıcılıq həvəsi oyadır. O, burada Afrika, Okeaniya, İndoneziya, Yaxın Şərq xalqlarının ənənəvi incəsənətini yaxından öyrənir.
1954-cü ilədək Leninqradda yaşadıqdan sonra o, Bakıya qayıdıb yaradıcılıqla məşğul olur və bu həyat tərzi 10 il çəkir.
Rəssam öz təcrübələrində təsviri sənət üçün ənənəvi olmayan materiallardan - metal, daş, qum, bitum, qatran və sementdən istifadə edirdi. Bu materiallar nəticəsində yaranan eksperimental əsərlər özlüyündə heyrətləndirici qüvvəyə malik idi.
M.Mircavadovun ən erkən rəngkarlıq əsəri “Yırtıcı”dır. Burada ayaqları bağlı, arxası üstə yıxılmış qoyun, yaxında isə bir canlı, dişini ağardan və torbasayağı gövdəsi olan məxluq təsvir olunub. Burada rəssamın təsvir etdiyi cəmiyyətə, onu əhatə edən mühitə kinayəli yanaşdığı aydın görünür.
Rəssamın qrafik əsərlərinə məxsus qüvvə, enerji, həm də miqyas tamaşaçını heyrətləndirir. Onların bəziləri tuşla, bəziləri karandaşla icra olunub. Qrafik əsərlərdə digər cəhət də diqqəti cəlb edir: əksər rəsmlərdə insanın bədən hissələrində baş verən dəyişikliyi müşahidə etmək olur.