DƏRSLİKLƏ TANIŞLIQ
Dərslikdəki mövzular üzrə təlim materialları aşağıdakı ardıcıllıqla verilmişdir:
- “İncəsənət haqqında dialoq” və “Xatırlayın” - mövzuya maraq oyadan sual, şəkil və anlayışların izahı əvvəllər qazanılmış biliklərə əsaslanır və aktiv fəaliyyətə cəlb edir.
- “Tanış olun” - tədris materialı üzərində müstəqil iş və müzakirə üçün verilən məzmun. Burada təsviri sənətin tarixi, onun cəmiyyətdə rolu haqqında məlumatlar, müxtəlif sxem və cədvəllər əks olunur.
- “Görkəmli sənətkarlar” - Azərbaycanın və dünyanın görkəmli təsviri sənət xadimlərinin həyat və yaradıcılığı ilə tanışlıq.
- “Təsviri sənət qalereyası” - estetik münasibət bildirmək üçün Azərbaycan və dünya rəssamlarının qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərlərindən nümunələr.
- “Düşünün və izah edin” - məzmunun mənimsənilməsinə xidmət göstərən və təfəkkürü fəallaşdırmaq üçün düşünməyə və izah etməyə vadar edən zəruri müzakirə sualları, fikirlər.
- “Bu maraqlıdır” və “Bilirsinizmi?” - mövzu ilə bağlı, habelə dünyagörüşünü genişləndirməyə xidmət edən maraqlı faktlar və hadisələr öz əksini tapır.
- “Sənətkar məsləhəti” - yeni üsul və vasitələrə, təcrübi və yaradıcı tapşırıqlarda əməl edilməsi vacib sayılan qaydalara dair tövsiyələr.
- “Sərbəst iş üçün tapşırıqlar” - mövzu ilə bağlı nəzəri və təcrübi tapşırıqlar; yeni qazanılmış bacarıqların tətbiqi, onların izahı və rəsmin çəkilməsinə yardım edən təsvir ardıcıllığı.
- “Müəyyən edin” və “Yaradıcı fəaliyyət” - maraq və bacarığa görə seçim imkanı verən tapşırıqlar.
- “Özünüzü yoxlayın” və “Ümumiləşdirici tapşırıqlar” - özünüqiymətləndirmə və qazanılmış nəticələri ümumiləşdirmək məqsədilə verilən sual və tapşırıqlar.