Onun layihələndirdiyi tikililər milli memarlıq üslubu ilə seçilib. O, sonradan Şərq və Qərb memarlıq məktəbinin sintezindən yararlanaraq əzəmətli yaşayış və ictimai binaların layihələrini hazırlayıb. Onlardan bu gün Bakının yaraşığı olan Bakı Musiqi Akademiyasının, M.F.Axundov adına Milli Kitabxananın, Milli Elmlər Akademiyasının binalarını göstərmək olar.
M.Useynov hələ Azərbaycan Politexnik institutunun (indiki Azərbaycan Texniki Universiteti) tələbəsi olarkən onun konstruktivizm üslubunda yaratdığı layihələrin bir qismi reallaşmışdır. Bu layihələrdə həndəsi lakonizm, üfüqi və şaquli xətlərin kəsişməsi, həcmli formaların və səthlərin, bütöv kütlənin və şüşəli səthlərin ziddiyyəti vurğulanırdı. işlək dam örtükləri, yüngül talvarlar, qalereyalar, artırmalar, günlüklər - isti iqlim üçün daxili həyət kimi vacib elementlər bütün tikililərin dəyişməz atributu idi. M.Useynov hələ ali təhsil aldığı illərdə Avropa klassikası onun təxəyyülünü “zəbt etmişdi”, o həm də memarlıqda rus klassisizminin irsini ətraflı öyrənirdi.
Bakı şəhərində M.Useynovun memarı olduğu və heykəltəraş Fuad Əbdürrəhmanovla birlikdə layihələndirdiyi bu abidələr kimlərin xatirəsinə ucaldılıb?
Nəyə əsasən heykəllərin yaradılmasında memarlar iştirak edir? Fikrinizi əsaslandırın.